Dekabrın 21-də görkəmli heykəltəraş, Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovun 95 yaşı tamam oldu. Xəbər verdiyimiz kimi, sənətkar yubileyi ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Ömər Eldarov, həmçinin Mədəniyyət Nazirliyi tərəfindən bu il təsis edilən “Şuşa-270” döş nişanı ilə təltif olunub.

Dekabrın 21-də mədəniyyət naziri Anar Kərimov yubilyarla görüşüb. Anar Kərimov Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edib, onun Azərbaycan mədəniyyətinə, təsviri sənətinə verdiyi töhfələri, həmçinin zəngin mədəniyyətimizin təbliğ edilməsində səmərəli fəaliyyətini vurğulayaraq heykəltəraşa ən xoş arzularını çatdırıb.

Qeyd olunub ki, dövlət başçısının 20 dekabr 2022-ci il tarixli sərəncamı ilə Ömər Eldarovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması sənətkarın fəaliyyətinə verilən yüksək dəyərdir.

Anar Kərimov Ömər Eldarova möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb və ona Mədəniyyət Nazirliyinin “Şuşa-270” döş nişanını təqdim edib.

Ömər Eldarov göstərilən diqqətə görə təşəkkürünü bildirib.