Türkiyənin Rusiya Federasiyasındakı Səfirliyi Moskva şəhərindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonuna kitablar hədiyyə edib.

Nəşrlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mətbuat və Kitabxanalar Departamentinin həyata keçirdiyi “TEDA” layihəsi (Türkiyə mədəniyyət, incəsənət və ədəbiyyat əsərlərinin xaricə çıxmasına dəstək) çərçivəsində Azərbaycan dilinə tərcümə olunub.

Türkiyə səfirliyinin mədəniyyət və turizm üzrə attaşesi İlker Özkan kitabları “Azərbaycan” pavilyonuna təqdim edərək deyib: “Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Biz böyük heyranlıqla pavilyonla tanış olduq. Fəxr edirik ki, türkiyəli müəlliflərin məşhur kitablarını “Azərbaycan” pavilyonuna təqdim etmək fürsətimiz var”.

Pavilyonun direktoru Səadət Qədirova Azərbaycan və Türkiyə arasında qarşılıqlı münasibətlərdən danışaraq qardaş ölkənin səfirliyinin bu addımını yüksək dəyərləndirib: “Türkiyə səfirliyi tanınmış türkiyəli yazıçıların Azərbaycan dilinə tərcümə olunmuş kitablarını bizə hədiyyə etdi. Belə aksiya, sözsüz ki, faydalıdır. Qonaqlarımızın “Azərbaycan” pavilyonuna necə valeh olmalarını görmək çox xoş idi. Pavilyonun XTNS-nin əsl incisinə çevrilməsindən ötrü əlindən gələni edən Heydər Əliyev Fonduna bir daha təşəkkürümü bildirirəm. Türkiyə Azərbaycanın əsas müttəfiqidir və biz qardaş ölkənin dəstəyini yüksək dəyərləndiririk”.

Qeyd edək ki, Türkiyə səfirliyinin “Azərbaycan” pavilyonuna hədiyyə etdiyi nəşrlər arasında türk mədəni irsi, folklor nümunələri ilə bağlı Azərbaycan dilinə çevirilən kitablar da var.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mətbuat və Kitabxanalar Departamentinin “TEDA” layihəsi bir çox ölkələrdə həyata keçirilir. Bu layihə çərçivəsində Türkiyə ədəbiyyatının müxtəlif dillərə tərcüməsi işində ayrı-ayrı ölkələrdəki mütəxəssislərə maliyyə dəstəyi göstərilir.