“Prezident Əliyev Azərbaycanın daha böyük təbii ehtiyatlara malik ölkələrdən fərqini göstərə bildi”

 

Bir ay bundan əvvəl Prezident Vuçiçin dəvəti ilə mən Serbiyada rəsmi səfərdə olmuşam. Şadam ki, əziz dostum mənim dəvətimi qəbul edib və bir ay keçmədən Bakıya səfər edib. Bu onu göstərir ki, əlaqələrimizin dinamikası, doğrudan da, çox müsbətdir. Bu ay ərzində bizim müvafiq strukturların rəhbərləri bir-biri ilə təmasda olmuşlar və bu təmaslar davam edir. Bir sözlə, biz istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun.

Prezident İlham Əliyev bu sözləri dekabrın 21-də Bakıda Serbiya Prezidenti Aleksandar Vuçiç ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı vurğulayıb ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb. Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir: “Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır.

Onu da bildirməliyəm ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”.

Prezident İlham Əliyev qeyd edib ki, iki ölkədə müdafiə sənayesi sahəsində də potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması gözlənilir.

“Bir sözlə, ikitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Əminəm ki, biz gələn ili də bu ab-hava şəraitində keçirəcəyik. Çünki bu il ikitərəfli əlaqələrimiz üçün çox uğurlu olub”, – deyə İlham Əliyev bildirib.

Serbiya Prezidenti hər dəfə Bakıya gələndə böyük tərəqqinin şahidi olduğunu deyib.

Aleksandar Vuçiç qeyd edib ki, Azərbaycanda gördüyümüz belə sürətli inkişafı müasir dünyada çox az yerdə görmək olar: “Bəziləri deyə bilərlər ki, bu, neft və qaza görədir. Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir. Yenə də qısa bir hekayəni sizinlə paylaşmaq istəyirəm. 1971-1972-ci illərdə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan yaşlı Şeyx Bin Zayed Liviyaya səfəri zamanı demişdi ki, ümid edirəm, 40 ildən sonra onun ölkəsi Liviya kimi olacaq. Liviyanın BƏƏ-dən beş dəfə çox neft ehtiyatı var. Lakin bir ölkənin hansı vəziyyətdə olduğuna, digər ölkənin isə hansı vəziyyətdə olduğuna nəzər salın. Əminəm ki, Prezident Əliyev özü ilə bir çoxlarımızın arasında və dünya miqyasında Azərbaycandan da daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə bildi. Prezident Əliyev kimi ölkəsinə sevgi ilə rəhbərlik etdikdə belə bir vəziyyətin şahidi oluruq. Mən bunu bizə Avropa qədər qaz və elektrik enerjisi lazım olduğuna görə demirəm. Xeyr, bizə daha az həcmdə lazımdır. Bizə bu resurslar lazımdır. Ancaq biz onlar olmadan da yaşaya bilərik. Mən bunu Prezident Əliyevə və onun işinin nəticələrinə səmimi rəğbət bəslədiyimə görə deyirəm...”.

Aleksandar Vuçiç bildirib ki, Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların üzərində bunu etmək üçün təzyiq yoxdur. Biz birlikdə əməkdaşlığın mümkün sahələrini təhlil etdik. Sözsüz ki, bizim enerji sahəsi ilə bağlı əməkdaşlıq etməli çox məsələlərimiz var. Bütün bunlar bizim üçün vacibdir: “Lakin hesab edirəm ki, biz eyni dərəcədə mühüm olan, bəlkə də daha mühüm olan bəzi yeni əməkdaşlıq sahələri açırıq. Söhbət bizim ümumi fəaliyyətimizdən, müdafiə sənayesində texnologiya mübadiləsindən və üçüncü ölkələrin bazarlarına birlikdə çıxara biləcəyimiz bəzi məhsullar üzərində aparılan işdən gedir. Çünki hesab edirəm ki, əgər buna birgə yanaşmamız olsa, Serbiya və Azərbaycan olaraq bizim böyük potensialımız var... Biz çox məsələlərlə bağlı məlumat mübadiləsinə hazırıq. Biz müəyyən yaxşı sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. Çünki bu çətin dövrdə gördük ki, böyük ölkələr qısa zamanda necə bu qədər güc itirə bilərlər, sanksiyaların təsiri, məhvedici təsiri ola bilər. Biz çox da dinc olmayacaq gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq...”.

Birgə səylərlə əməkdaşlıq üçün yeni pəncərə açılacağına ümidvar olduğunu bildirən Aleksandar Vuçiç sonda deyib: “Biz gələcəkdə güclü əlaqələrimizi və güclü dostluğumuzu necə quracağımızı bilirik. Mən inanıram ki, biz bunu ən yaxşı şəkildə xalqlarımızın maraqları naminə edəcəyik”.