Dekabrın 22-də Ankarada, Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Millət Kitabxanasında "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının türk dilində nəşrinin təqdimatı və konsert proqramı keçirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə Milli Müdafiə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" şüarı altında reallaşan tədbir Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərə həsr olunan foto və kitab sərgisinin nümayişi ilə başlayıb.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Türkiyənin dövlət rəsmiləri, millət vəkilləri, Ankaradakı diplomatik korpusun təmsilçiləri, qardaş ölkənin hərbi təhsil müəssisələrində oxuyan azərbaycanlı kursantlar, ziyalılar və ictimaiyyət nümayəndələri tədbirdə iştirak edib.

Bakı Şəhər İcra Hakimiyyəti və AMEA A.Bakıxanov adına Tarix İnstitutunun birgə nəşri olan "Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru" kitabı Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunub. Kitab daha öncə Azərbaycan və rus dillərində çap olunub.

Təqdimatda açılış nitqi söyləyən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm Zəfərimizə kitablar, salnamələr həsr olunur. Diplomat təqdim edilən kitabın da bu baxımdan önəmi nəşr olduğunu vurğulayıb.

AMEA Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov kitabın yaranma prosesi barədə məlumat verib. Tarixçi alim Qarabağ probleminin yaranmasından danışıb və sözügedən kitabın öz ərazi bütövlüyünü uğurla bərpa edən qüdrətli Azərbaycanı, onun müzəffər liderini tərənnüm etdiyini bildirib.

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyə Cümhuriyyəti, xalqının Azərbaycanın yanında olub, bu mübarizənin Zəfərlə başa çatmasına töhfəsini verib: “2013-cü ildə Prezident İlham Əliyev məni müdafiə naziri təyin edəndə bildirdi ki, bizim beynəlxalq hüquqa ümidimiz yoxdur, ikili standartlar var, biz gərək torpaqlarımızı öz gücümüzlə azad edək və “Bir millət, iki dövlət” prinsipindən çıxış edərək Türkiyə Silahlı Qüvvələrinin bilik və bacarığı, dəstəyi ilə Ordumuzu quraq. Başda hörmətli nazir Hulusi Akar olmaqla Türkiyə Ordusuna, xalqına və dövlətinə öz minnətdarlığımı bildirirəm”.

Nazir Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün əməliyyatlara birbaşa rəhbərlik etdiyini bildirib.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın dünyada tətbiq edilən ikili standartlara rəğmən Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində şanlı Qələbə qazandığını qeyd edib. Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığından danışıb və qardaşlığımızın əbədiyyətə qədər davam edəcəyinə əminliyini ifadə edib: “Türkün gücünü dünyaya göstərən Azərbaycan Ordusuna bundan sonra da kimsənin yan baxmasına imkan verməyəcəyik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ən yüksək kürsülərdən "Azərbaycan yalnız deyildir", – dedi. Bundan sonra hər iki prezidentimizin əzmi ilə möhtəşəm Qələbəyə imza atıldı. Şuşa bəyannaməsi ilə Türkiyə və Azərbaycanın əbədi dostluğuna imza atılıb. Biz savaşmaq üçün deyil, savaşın qarşısını almaq üçün varıq".

Çıxışlardan sonra Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən hazırlanmış, müzəffər Ali Baş Komandan İlham Əliyevlə bağlı qısa film nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Türkiyə Milli Müdafiə Nazirliyi Hərbi Orkestri və azərbaycanlı müğənni Çinarə Məlikzadə musiqi nömrələri səsləndirib.

Mehparə Sultanova
Ankara