Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi təsis edilib. Prezident İlham Əliyev dekabrın 22-də bununla bağlı fərman imzalayıb.

Fərmanla “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə” də təsdiq edilib.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinə dövlət başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa ona tabe olan Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi rəhbərlik edir.

Səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidentini təmsil edən vəzifəli şəxsdir və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməlidir.

Qeyd edək ki, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov vəzifəsindən istefa verib.

Dekabrın 22-də Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Həmin gün dövlət başçısının 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də də müəyyən dəyişikliklər edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Əsasnamənin müvafiq bəndlərindən Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi kimi “Ali Məclisin sədri” ifadələri çıxarılıb.

***

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlarını verib.

Qəbulda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına göstərdiyi daimi diqqəti sayəsində və birbaşa tapşırığı ilə həyata keçirilən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər qeyd olunub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasına hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrılıb.

Prezident İlham Əliyev tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin.

Fuad Nəcəfli ona göstərilən yüksək etimada görə dövlətimizin başçısına təşəkkürünü bildirib və Prezident İlham Əliyevi əmin edib ki, bütün fəaliyyət dövlətimizin başçısının siyasəti üzərində aparılacaq, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı islahatların Naxçıvan Muxtar Respublikasında da təmin edilməsi işində səylərini əsirgəməyəcək.