Rusiya sülhməramlılarının müvvəqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı yataqların qanunsuz istismarına etiraz olaraq azərbaycanlı ekoaktivistlər və qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Xankəndi-Laçın yolunda, Şuşa şəhəri yaxınlığında dekabrın 12-də başlayan aksiya davam edir.

Dekabrın 22-də, dinc etirazın 11-ci günündə ekoaktivistlərin daha bir qrupu aksiyaya qoşulub. Onlar əvvəlcə aksiyada xoşagəlməz halların baş verməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı məlumatlandırılıb. Aksiya iştirakçıları bütün lazımi şəraitlə təmin olunublar.

Aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndiriblər.

Axşam saatlarında etirazçılar üzərində “Save nature” yazılan ikinci böyük şarı havaya qaldırıblar.

Gün ərzində Rusiya sülhməramlılarına məxsus daha beş təchizat avtomobili ərazidən maneəsiz keçib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan mediasında etirazçıların guya Xankəndi-Laçın yolunu bağlamaları və təchizat maşınlarını buraxmamaları ilə bağlı həqiqətə uyğun olmayan xəbərlər yayılmışdı.