Azərbaycanın mədəniyyətinə itki üz verib. Lənkəran Dövlət Dram Teatrının rejissoru, Əməkdar incəsənət xadimi Oruc Qurbanov dekabrın 23-də, 73 yaşında dünyasını dəyişib.

Oruc İzzət oğlu Qurbanov 24 iyul 1949-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu ixtisası üzrə təhsil alıb. 1979-80-ci illərdə Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində görkəmli rejissor A.V.Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğu Kursunu bitirib.

1974-79-cu illərdə Lənkəran Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərib. Sonrakı illərdə müxtəlif teatrlarda (Akademik Milli Dram, Musiqili Komediya, Gəncə, Ağdam, Sumqayıt, İrəvan Dram,Bakı Bələdiyyə teatrları və s.) çalışıb, həmçinin radio və televiziya tamaşalarına, Xocalı faciəsinə həsr olunmuş "Haray" bədii filminə (1993) quruluş verib.

2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın "Dirilən adam" romanı əsasında qələmə aldığı dram əsərini tamaşaya qoyub. 2006-cı ildə bu səhnə əsəri “ilin ən uğurlu tamaşası”, O.Qurbanov isə “ilin ən yaxşı rejissoru” nominasiyası üzrə Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl dərviş" mükafatına layiq görülüb.

2002-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Dəfələrlə Azərbaycan Respublikası Prezidentinin mükafatçısı olub.

2018-2021-ci illərdə Lənkəran Dövlət Dram Teatrının baş rejissoru vəzifəsində çalışıb, daha sonra bu sənət ocağında quruluşçu rejissor kimi fəaliyyətini davam etdirib.

Oruc Qurbanov ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də fəaliyyət göstərib. Onlarla nəsr (roman, povest və hekayələr) və dram əsərlərinin müəllifidir.

İstedadlı teatr rejissoru, yazıçı-dramaturq, mehriban insan Oruc Qurbanovun işıqlı xatirəsi onu tanıyanların, çiyin-çiyinə çalışdığı sənət yoldaşlarının yaddaşında yaşayacaq.

***

Dekabrın 23-də Lənkəran Dövlət Dram Teatrında Əməkdar incəsənət xadimi, rejissor Oruc Qurbanovla vida mərasimi keçirilib.

Mərhum həmin gün Lənkəran rayonu Girdəni kənd qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin.