AMEA Folklor İnstitutunda aşıq Şakir Hacıyevin (1922-1978) 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. İnstitutun Musiqi folkloru şöbəsi və “İZ” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkil etdiyi tədbirdə əvvəlcə Tofiq Abdullayevin “Aşıq Şakiri ürəklərdə axtarın” kitabının təqdimatı olub.

Folklor İnstitutunun baş direktoru akademik Muxtar Kazımoğlu-İmanov giriş nitqində Aşıq Şakiri XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri kimi səciyyələndirib. Vurğulayıb ki, Aşıq Şakir özünəməxsus gözəl səsi ilə seçilən, saz ifaçılığının ən yüksək zirvələrini fəth edən, eləcə də özündən əvvəlki klassik aşıq ədəbiyyatının incilərini mənimsəyib xalqa çatdıra bilən qüdrətli el sənətkarı olub. Şirvan aşıq mühiti son dərəcə fərqli dəst-xəttə malikdir və bu mühitdə aşıq sənəti muğam ifaçılığı ilə qovuşaraq özünəməxsus keyfiyyətlər qazanıb.

“Aşıq Şakiri ürəklərdə axtarın” kitabı haqqında danışan alim deyib ki, Şakir göyçaylı Aşıq Mürsəldən dərs alsa da, Mirzə Bilal məktəbinin yetirməsi sayılır. Aşıq Bilal isə sıradan bir aşıq olmayıb, Cümhuriyyət dövrünün düşüncə tərzi ilə yaşayan, milli şüura sahib bir sənətkar kimi tanınıb.

İnstitutun Musiqi folkloru şöbəsinin müdiri professor Nailə Rəhimbəyli kitabın Aşıq Şakir yaradıcılığının öyrənilməsinə yeni bir töhfə olduğunu qeyd edib. Kitabda aşığın həyat və yaradıcılığından, bənzərsiz sənətkarlıq xüsusiyyətlərindən, aşıq sənətinin inkişafındakı rolundan bəhs olunduğu vurğulanıb.

Müəllif Tofiq Abdullayev ömrünün iyirmi ilini bu əsərin ərsəyə gəlməsinə sərf etdiyini bildirib. Deyib ki, kitabda Azərbaycanın tanınmış elm, mədəniyyət, ədəbiyyat, incəsənət və dövlət xadimlərinin Aşıq Şakir haqqında fikirlərinə geniş yer verilib. Dahi Bülbül, Əliağa Vahid, Zülfü Adıgözəlov, Xan əmi, Əlibaba Məmmədov, Vasim Məmmədəliyev, akademik Ziyad Səmədzadə, professor Qəzənfər Paşayev və başqa bir çox elm və sənət adamları Şakirlə bağlı maraqlı fikirlər səsləndiriblər.

Daha sonra professor Qəzənfər Paşayev Aşıq Şakirin məclislərdə bir çox dillərdə ifa edə bilməsindən, böyük istedad sahibi olmasından, ustad sənətkar kimi Azərbaycanın həm şərq, həm qərb aşıq mühitlərində sevilməsindən danışıb. Qeyd edib ki, Aşıq Şakirin repertuarından olan “Boylana-boylana”, “Kəndimiz”, “Nərgiz”, “İşıqlıdır lampaları” və digər mahnılar bu gün də populyardır və şadlıq məclislərində ifa edilir.

Digər çıxış edənlər də aşığın yaradıcılığından və sənətkarlığından söz açıblar.

Aşıq Şakirin nəvəsi dosent Qətibə Mahmudova babasının yaradıcılığı ilə bağlı elmi tədqiqat işini davam etdirdiyini və yeni kitabın nəşrə hazırlandığını bildirib.

Sonda aşıqlar Şakirin bəstələdiyi mahnıları ifa ediblər.