“2023-cü ildə Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələrinin birgə çoxsaylı təlimləri nəzərdə tutulub. Bunların arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə keçiriləcək təlimlər xüsusilə əlamətdar olacaq”.

Ankarada səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu fikirləri “Mədəniyyət” qəzetinin əməkdaşına açıqlamasında bildirib.

Zakir Həsənov deyib ki, ildən-ilə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə tədbirləri artmaqla davam edir: “Xüsusi qeyd etmək istəyirəm ki, 2022-ci ildə bizim 20-dək Türkiyə Silahlı Qüvvələri ilə birgə təlimlərimiz oldu. Son təlimlərimiz isə “Qardaş yumruğu” adı ilə Azərbaycanda keçirildi. Bu təlimdə də Azərbaycan və Türkiyə silahlı qüvvələrinin döyüş hazırlığı, döyüş qabiliyyəti bir daha yüksək səviyyədə nümayiş etdirildi”.

Ankarada "Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru" kitabının təqdimatı barədə fikirlərini bölüşən Zakir Həsənov deyib: “Müzəffər Ali Baş Komandanımıza həsr olunan kitabın təqdimatına Türkiyə Silahlı Qüvvələri komandanlığının geniş tərkibdə iştirakı iki ölkənin qardaşlığının daha bir nümayişidir”.

Mehparə Sultanova
Ankara