Qəzənfər Paşayev tək Azərbaycanda deyil, sərhədlərimizdən kənarda da tanınan, sevilən, hörmətlə qarşılanan bir alim və ziyalı kimi tanınır. O, xalqına, millətinə ruhən bağlı olan, milli dəyərlərimizi və adət-ənənələrimizi dərindən bilən, qoruyan, öz elmi, bədii əsərləri və məqalələri ilə bizi-bizə tanıdan, gələcək nəsillərə milli ruhu aşılayan dəyərli alim, hörmətli ziyalıdır.

Bu sözləri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayevin 85 illik yubileyi münasibətilə keçirilən tədbirdə kitabxananın direktoru Aslan Cəfərov deyib.

Tədbirin aparıcısı filologiya elmlər doktoru, professor Şirindil Alışanov görkəmli alimin İraq-Kərkük türklərinin mədəni irsinin, folklorunun öyrənilməsi və təbliğində müstəsna xidmətlərindən bəhs edərək bildirib ki, kərkükşünaslıqda Qəzənfər Paşayevlə müqayisə edilə biləcək az tədqiqatçı var.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi alimin “Altı il Dəclə - Fərat sahillərində”, “Nəsimi edamdan sonrakı həyat” kitablarından söz açıb, “Nostradamusun möcüzəli aləmi” kimi əsərlərin tərcüməsində də onun əvəzsiz xidmətlərini qeyd edib.

Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov Qəzənfər Paşayevin uzun, keşməkeşli illərə arxalanan zəhmətinin, fəaliyyətinin Azərbaycan və İraq xalqlarının daha da yaxınlaşmasında mühüm rol oynadığını vurğulayıb.

Şair Adil Cəmil yubilyara həsr etdiyi şerini söyləyib.

Filologiya elmləri doktoru Aslan Salmansoy, Bakı Dövlət Universitetinin müəlliməsi Fəxriyyə İsayeva da Qəzənfər Paşayevə xoş sözlərin ifadə ediblər.

Sonda yubilyar Gənclər Kitabxanası tərəfindən hazırlanan “Kərkük sevdalısı Qəzənfər Paşayev 85” adlı videomateriala, elmi, bədii, publisistik yaradıcılığından, müəllifi olduğu kitablardan ibarət sərgiyə, biblioqrafik siyahıya görə kitabxananın rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirib.