Müasir dövrdə, qloballaşma şəraitində etnik, irqi, dini və ya mədəni müxtəlifliklərin mövcud olmadığı az ölkə tapmaq mümkündür. Bu müxtəliflik ölkənin, toplumun həyatında əhəmiyyətli rol oynayır.

Ümumiyyətlə, multikulturalizm məfhumu nədir? Bu anlayış latınca “multi” (çox) və “kultura” (mədəniyyət) sözlərinin birləşməsindən yaranıb və “çoxmədəniyyətlilik” mənasını bildirir. Çoxmədəniyyətlilik dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, onların əsasını təşkil edən dəyərlər nəzərdə tutulur.

Cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunmasına yüksək önəm verən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Multikulturalizmin cəmiyyətin, vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Azərbaycan tarixinin bütün mərhələlərində ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinə xoş münasibət bəslənilmiş, onların etnik, dini və mədəni dəyərlərinə nəinki dözümlülük nümayiş etdirilmiş, həmçinin hörmətlə yanaşılmışdır. Xalqımızın müxtəlif etnik qruplarla daima sülh və əmin-amanlıq şəraitində yaşamışdır. Multikulturalizmin Azərbaycan xalqının həyat tərzinə çevrilməsi ilə bağlı Prezident İlham Əliyev 2017-ci ildə ölkəmizdə təşkil olunan IV Dünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində demişdir: “Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda bu, bizim həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bizim çətin tələffüz edilən termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təsdiq etmişdir”.

Dünyanın tanınmış fikir adamları ictimai inkişafda mədəniyyətin aparıcı rol oynadığını qeyd edirlər. Mədəniyyətin aparıcı missiyası eyni zamanda multikulturalizmin düzgün siyasət olduğunu ortaya qoyur. Azərbaycan musiqi mədəniyyəti multikulturalizm ənənələri ilə zəngindir. Bu yazıda professional musiqimizin banisi Üzeyir Hacıbəylinin yaradıcılığında multikulturalizm məsələsinə toxunacağıq. Dahi bəstəkarın yaradıcılığı Azərbaycan cəmiyyətində baş verən proseslərin güzgüsü olmuşdur. Böyük musiqi xadimi zəngin irsində multikulturalizm ənənələrini müxtəlif cəhətdən əks etdirmişdir. Bu baxımdan onun “O olmasın, bu olsun” (1911) musiqili komediyası diqqətəlayiq nümunədir. Əsərin əsas qəhrəmanları – Məşədi İbad, Rüstəm bəy, Sərvər, Gülnaz, Sənəm obrazlarının fərdi musiqi xarakteristikaları ilə yanaşı, Bakı mühitinin təsiri mühüm əhəmiyyətə malikdir. Əsərin məzmununda müxtəlif xalqların təsirini özündə əks etdirən, bir sıra dillərdə və ləhcələrdə danışan qəhrəmanlar: Qəzetçi Rza bəy – türk, İntelligent Həsən – fransız və rus, Hambal – iranlı və s. öz danışıq tərzləri ilə diqqəti cəlb edirlər. Üzeyir bəy bu obrazları yaratmaqla, əslində, Bakının çoxmillətli mühitində müxtəlif dillərin və mədəniyyətlərin qarşılıqlı təsirini diqqətə çatdırmış, həmin insanların simasında bu kimi təsirlərin bəzən necə ifrat dərəcəyə qalxdığını göstərmək istəmişdir. Lakin bəstəkar tərəfindən bu personajların musiqi xarakteristikası fərdiləşdirilməyərək, xor səhnələrində – hadisələrin gedişatına müdaxilə edən ümumi kütlə daxilində verilmişdir.

Ü.Hacıbəylinin “Arşın mal alan” (1913) musiqili komediyası isə məzmununa görə dərin milli xüsusiyyətləri ilə fərqlənir. Əsər türk, rus, gürcü, ingilis, fars, çin, polyak, bolqar və s. dillərə tərcümə olunub, ölkəmizlə yanaşı, Nyu-York, Paris, London, Pekin, Varşava, Qahirə, Ankara, Sofiya – ümumilikdə onlarla şəhərdə tamaşaya qoyulmuşdur. Bu əsər əsasında 1945-ci ildə lentə alınmış eyniadlı filmin nümayiş coğrafiyası isə daha geniş olmuşdur. Baş rollarda böyük sənətkarlarımız Rəşid Behbudov və Leyla Bədirbəylinin çəkildiyi ekran işi 130 ölkədə böyük uğurla nümayiş etdirilmişdir. Bu film həm də Azərbaycan musiqisinin dünya miqyasında bir elçisinə çevrilərək xalqlar arasında sülh, vəhdət yaradan əsas missiyanı həyata keçirir.

“Koroğlu” (1937) operasında isə Üzeyir bəy Koroğlunun timsalında xalqı zülmkarlardan xilas edən bir qəhrəman obrazı təsvir etmişdir. Operanın III pərdəsində – Çənlibel səhnəsində Koroğlunun təkcə azərbaycanlılar üçün deyil, digər xalqların nümayəndələri üçün də xilaskar timsalında olması, onun adını tutub uzaq ellərdən gələn insanların ruh yüksəkliyi ilə qarşılanması və qəhrəmanın haqq işinə inamı öz əksini tapmışdır. Burada da multikulturalizm ənənələri özünü göstərir, azərbaycanlıların digər xalqlarla əmin-amanlıq şəraitində yaşamağa çalışması, onlara kömək göstərməsi diqqət mərkəzinə çəkilir.

Ümumiyyətlə, Ü.Hacıbəyli öz operalarında Azərbaycan klassik poeziyasından və xalq dastanlarımızdan yaradıcı şəkildə bəhrələnmişdir. Bəstəkarın yaradıcılığında bunların musiqi vasitəsilə daha qabarıq tərənnüm olunmasından və xalqın hisslərinə daha dərin təsir imkanlarından söhbət gedir.

Ü.Hacıbəylinin, demək olar ki, bütün yaradıcılığında multikultural dəyərlərə istinad var. Dahi şair, mütəfəkkir Məhəmməd Füzulinin eyniadlı poeması əsasında bəstələnmiş “Leyli və Məcnun” (1908) operası qədim ərəb rəvayətinin Azərbaycan musiqi irsində milli ruhda təfsirini əks etdirir. Yəni bu rəvayət ərəb qəbilələrinin həyatından bəhs etsə də, əsərin qəhrəmanları Üzeyir bəyin möhtəşəm musiqisi sayəsində gözümüz qarşısında doğma obrazlar olaraq canlanır.

Ü.Hacıbəylinin yaradıcılığından bəhrələnən Azərbaycan bəstəkarlıq məktəbinin digər nəsillərinə aid nümayəndələri də müxtəlif xalqların həyatından bəhs edən əsərlər yazmışlar. Fikrət Əmirovun “Min bir gecə” baleti, Qara Qarayevin “Yeddi gözəl” və digər müəlliflərin əsərləri həm musiqi mədəniyyətimizin dünya şöhrəti qazanan nümunələridir, həm də bəşəri ideyalar aşılayan əsərlərdir. Bu qəbildən əsərlərin əksəriyyətini birləşdirən ümumi cəhət humanizm, insanlığa qarşı sevgi və sayğıdan ibarətdir.

Sədaqət Ağayeva
Bakı Musiqi Akademiyasının əməkdaşı