Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə dekabrın 22-də Bakı Musiqi Akademiyasının Opera studiyasında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, Xalq artisti, ustad tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə Baş İdarənin rəis müavini Nazim Əliyev, Xalq artistləri – bəstəkar Tofiq Bakıxanov, dirijor Ağaverdi Paşayev, digər qonaqlar iştirak ediblər.

Konsertdən öncə Əhməd Bakıxanov haqqında videoçarx nümayiş etdirilib. Sonra çıxışçılar ustad tarzənin həyat və yaradıcılığından danışıb və onunla bağlı xoş təəssüratlarını bölüşüblər. Bildiriblər ki, görkəmli sənətkar Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib.

Konsertdə məktəbin məzunlarından "Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov, Xəzər Universitetinin Kamera orkestri, Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İnarə Babayeva, estrada müğənnisi İlqar Xəyal, beynəlxalq müsabiqələr laureatı Kamal Nuriyev və bəstəkar Sevda Rəhimovanın çıxışları alqışlarla qarşılanıb.