Xəbər verdiyimiz kimi, 23-24 dekabr tarixlərində Mərakeş Krallığının Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Araz Bağırlı iştirak edib.

Sessiyanı giriş sözü ilə açan ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın yeni strategiya üzrə fəaliyyətinin uğurla icra edildiyini diqqətə çatdırıb. Həyata keçirilmiş, cari və planlaşdırılan layihələr haqda məlumat verilib.

Tədbir çərçivəsində “Azərbaycan Respublikası ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında əməkdaşlığın dərinləşdirilməsinə dair Fəaliyyət Planı” imzalanıb. Sənədi Azərbaycan tərəfdən ölkəmizin Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov, ICESCO adından isə baş direktor Salim əl-Malik imzalayıb.

Planda Azərbaycanın təşəbbüsü ilə irəli sürülən və BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO-nun tərəfdaşı olduğu “Mədəniyyət naminə sülh” qlobal çağırışı çərçivəsində birgə fəaliyyətlərin icrası nəzərdə tutulub. Bununla yanaşı, ICESCO-nun Gənc Peşəkarlar Proqramı, İslam dünyasının mədəni irs abidələrinin qorunması və mühafizəsi, həmçinin informasiya texnologiyası sahəsində həyata keçiriləcək layihələrə dəstək verilməsi planlaşdırılır.