Milli Kitabxananın Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi layihə üzrə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Fikrət Əmirov. Biblioqrafiya”, həmçinin bəstəkarın “Qoboy və fortepiano üçün altı pyes” not məcmuəsi nəşr olunub. Dekabrın 23-də Milli Kitabxanada nəşrlərin təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov hər iki nəşr haqqında məlumat verib. Qeyd olunub ki, biblioqrafik göstərici dahi bəstəkarın həyat və yaradıcılığı ilə bağlı kitabları, dövrü mətbuatda dərc olunan yazıları və s. əhatə edir. Diqqətə çatdırılıb ki, “Qoboy və fortepiano üçün altı pyes” not məcmuəsi bu qəbildən nəşr olunan dördüncü məcmuədir. Fikrət Əmirov haqqında nəşr edilən bu kitablar bütün musiqi məktəblərinə göndərilir.

Tədbirdə Xalq artistləri – bəstəkar Eldar Mansurov, tarzən Ramiz Quliyev, bəstəkar Sərdar Fərəcov, Bəstəkarlar İttifaqının katibi professor Zemfira Qafarova, Mədəniyyət Nazirliyinin əməkdaşları Kamran Musayev, Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Bakı Musiqi Akademiyasının prorektoru professor Gülnaz Abdullazadə, Milli Konservatoriya nəzdində Musiqi Kollecinin direktoru professor Nazim Kazımov çıxış ediblər.

Çıxışlarda təqdimatı keçirilən nəşrlər yüksək qiymətləndirilib. Qeyd olunub ki, Fikrət Əmirovun əsərləri nəinki Azərbaycanda, bütün dünyada tanınır. Üzeyir Hacıbəylidən sonra Fikrət Əmirov, Qara Qarayev sənətdə öz üslublarını yaradan bəstəkarlardır.

Bəstəkarın qızı Sevil Əmirova tədbirin təşkilinə və nəşrlərə görə kitabxana rəhbərliyinə və qonaqlara təşəkkür edib.

Tədbir çərçivəsində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Fikrət Əmirov” adlı elektron məlumat bazası da iştirakçılara təqdim olunub.

Tədbir iştirakçıları Fikrət Əmirovun əsərlərindən və haqqında yazılmış ədəbiyyatdan ibarət geniş kitab sərgisi ilə də tanış olublar.