Şəki Dövlət Dram Teatrında gənc rejissor Orxan Həmidlinin quruluşunda Xaqani Əliyevin “Çələbi xan” tarixi dramı əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış keçirilib.

Səhnə əsəri Şəki xanlığının qurucusu, müdrikliyi və cəsurluğu ilə ad qazanmış Hacı Çələbi xanın həyatından, onun Şəki torpaqlarını yadelli düşmənlərdən qorumaq əzmindən, parçalanmış Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda göstərdiyi səylərdən bəhs edir.

Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, geyim üzrə rəssamı Günel Məmmədlidir. Rəqslərin quruluşu Çingiz Novruzəliyevə məxsusdur.

Tamaşada Əməkdar artistlər Rəhim Qocayev, Akif Yusifov, aktyorlar Aydın Əlibabayev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirzəzadə, Rəşad Rüstəmov, Qurban Rəsulov, Çingiz Novruzəliyev, Fərahim Fətəliyev, Pərviz İsmayılov, Orxan Həmidli, Elvin Mabudov və Rəsul Məmmədrəhimov rol alıblar.