“Əsas məsələ ondadır ki, biz gərək inamımızı itirməyək...”

 

Əlli yaşım olanda Ağcabədidə məcburi köçkünlərlə bir yerdə idim və onlara demişdim ki, gün gələcək, siz məni öz doğma diyarınızda qəbul edəcəksiniz, qarşılayacaqsınız, mən sizin diyarınıza qonaq gələcəyəm və o gün gəldi. O gündən doqquz il sonra biz artıq Şuşada idik, bayrağımız da Şuşada dalğalanırdı. Altmış yaşımı Cıdır düzündə qeyd etmişəm, ondan əvvəl azad edilmiş Hadrutda hərbi hissənin açılışında iştirak etmişəm. Bu il dekabrın 24-ü üçün bəzi fikirlərim var idi. Bu da bir rəmzi məna daşımalı idi. Hesab etdim ki, ən düzgün tədbir, bax, bizim bugünkü tədbirimiz olmalıdır.

Prezident İlham Əliyev bu fikirləri dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib.

Qarabağ torpaqları işğal altında olanda illər keçdikcə cəmiyyətdə və ilk növbədə, məcburi köçkünlər arasında müəyyən bədbinlik əhval-ruhiyyəsinin yayıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Mənim köçkünlərlə onlarca görüşlərim olub və son illər görürdüm ki, onların ümidləri tükənir və bu təbiidir, mən bunu təbii qəbul edirdim. Təbii ki, onlara deyə bilməzdim ki, nə vaxt, necə və nə olacaq. Çalışırdım onları inandırım ki, gün gələcək. Ancaq o təbii idi, çünki otuz ilin həsrəti istər-istəməz hər bir insana mənfi təsir göstərmişdir. Ancaq bu gün biz artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq. Bu gün bir daha demək istəyirəm, əsas məsələ ondadır ki, biz gərək inamımızı itirməyək. Biz inanırdıq ki, qayıdacağıq, mən bir gün də o inamı itirməmişdim, inanmalıyıq və bu müqəddəs günü yaxınlaşdırmaq üçün iş görməliyik, fəaliyyətdə olmalıyıq. Onda istədiyimizə nail olacağıq”.

Prezident bildirib ki, İkinci Qarabağ müharibəsindən keçən çox vaxt ərzində xarici həmkarları ilə çoxlu görüşləri olub və onların mütləq əksəriyyəti bu Qələbəyə necə nail olduğumuzu soruşub: “Mən də deyirdim ki, bunu izah etmək üçün gərək siz bizim həyatımızı yaşayasınız, bu otuz ili yaşayasınız. Mən bunu necə təsvir edə bilərəm? İnam, birlik, ədalətə inam, gücünə inam! Ona görə, bu tarixi Zəfəri qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq. İnamını itirmiş xalqlar da bu gün inanırlar, bizə oxşamaq istəyirlər, bizim kimi hərəkət etmək istəyirlər, bizimlə məsləhətləşirlər.

Ona görə bu gün burada sizinlə bərabər 24 dekabr gününü qeyd edərkən mən bir daha demək istəyirəm ki, biz də, Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda, addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”.