Dekabrın 24-də 61 yaşı tamam olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Türk dünyası təşkilatlarının rəhbər şəxsləri də təbrik ediblər.

Xəbər verdiyimiz kimi, TÜRKSOY-un baş katibi Sultan Raev qurumun Baş katibliyi və üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib.

***

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da dövlət başçısına təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycanın hərtərəfli və dinamik inkişafı, beynəlxalq arenada sarsılmaz mövqe və böyük nüfuz qazanması, yeni-yeni uğurlara imza atması Sizin ölkənin gələcəyi naminə göstərdiyiniz əvəzolunmaz xidmətlərin nəticəsidir. Sizin yüksək şəxsi keyfiyyətləriniz, Vətənə, xalqa olan məhəbbətiniz və bağlılığınız, hər zaman dövlətin milli maraqlarından çıxış edən uğurlu diplomatik addımlarınız şərəfli missiyanızın parlaq göstəriciləridir.

Sizin bu ili ölkədə “Şuşa İli” elan etməyiniz Azərbaycanın və bütövlükdə Türk dünyasının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin ayrılmaz və önəmli parçası olan Şuşanın dirçəldilməsi, şəhərin əvvəlki şöhrətinin bərpası yönündə mühüm hadisə oldu.

Zati-alinizin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qarabağın incisi olan Şuşanın 2023-cü ili eyni zamanda “Türk dünyasının mədəniyyət paytaxtı” kimi qarşılayacağını səbirsizliklə gözləyir və biz şəhərin bu fəxri statusu yüksək səviyyədə daşımasına öz töhfəmizi verməyə hazırlaşırıq. Qürur hissi keçiririk ki, bu il ilk dəfə Fond tərəfindən Azərbaycandan kənarda - doğma Türkiyəmizdə “Şuşa günləri" təşkil olunmuşdur. Biz bütün fəaliyyətimizdə Sizin daimi dəstəyinizi hiss edirik.

Sizə möhkəm cansağlığı, ailə səadəti, tükənməz enerji və yeni-yeni böyük uğurlar arzulayıram.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

***

Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyevin təbrik məktubunda vurğulanır ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi müstəqil, ardıcıl və qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikası dünya ölkələri arasında nüfuzunu daha da möhkəmləndirmiş və regionumuzun aparıcı dövlətlərindən birinə çevrilib.

“Xüsusilə vurğulamaq istərdim ki, Sizin rəhbərliyiniz altında 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəinki Azərbaycan, bütövlükdə türk dövlətləri və xalqları üçün qürur mənbəyinə çevrilmiş və Türk birliyinin daha da güclənməsinə təkan vermişdir. Türk Dövlətləri Təşkilatının İstanbul Zirvə toplantısında Türk Dünyasının Ali Ordeni ilə təltif edilməyiniz türk dövlətlərinin birliyinə verdiyiniz əvəzedilməz töhfənin, eləcə də xalqlarımızın və bütövlükdə Türk dünyasının Sizə olan böyük rəğbətinin göstəricisidir.

İnanıram ki, Türk Dövlətləri Təşkilatının təsisçiləri sırasında olan və təşkilat çərçivəsindəki təşəbbüslərdə xüsusi çəkiyə malik Azərbaycan Respublikası türk dövlətləri arasında ortaq tarixə, dilə, mədəniyyətə, çoxəsrlik ənənələrə və qardaşlığa əsaslanan sıx əməkdaşlığa bundan sonra da töhfəsini verəcəkdir”, – deyə məktubda qeyd olunur.