UNESCO-nun “Mədəni sərvətlərin qeyri-qanuni idxalı, ixracı və mülkiyyət hüququnun ötürülməsinin qadağan edilməsi və qarşısının alınması vasitələri haqqında 1970-ci il Konvensiyası” mövzusunda təlim kursu davam edir.

Dekabrın 23-də Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Gömrük Komitəsi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF) tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən "İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, 5-ci təlim kursu keçirilib. Təlim kursu UNESCO-nun adıçəkilən Konvensiyasını əhatə edib.

AYSF İdarə heyətinin sədri, təlim proqramının rəhbəri Vasif Eyvazzadə kursun açılışını edərək iştirakçıları salamlayıb və “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” proqramı çərçivəsində əvvəlki dörd təlim kursu və “İrs Azərbaycan” milli platforması haqqında məlumat verib.

Təlimin məqsədləri və öyrənmə prosesinin komponentləri haqqında danışan V.Eyvazzadə profilaktika, restitusiya və beynəlxalq əməkdaşlıq üzrə zəruri fəaliyyətlər haqqında məlumat verib, iştirakçıları maraqlandıran məqamlarla bağlı fikir mübadiləsi aparılıb.

Təlim kursu günün ikinci yarısında Dövlət Gömrük Komitəsi Sərnişin dəhlizlərinin idarə olunması şöbəsinin baş inspektoru İlkin Hüseynzadənin Konvensiya ilə əlaqədar “Gömrük sərhədində praktiki iş və prosedurlar” mövzusunda, eləcə də Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsi Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllının “Muzey müəssisələrində iş, ixrac sertifikatları və restitusiya təcrübələri” mövzusunda təqdimatlarla çıxış ediblər.

Təlim kursunda Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri, Dövlət Turizm Agentliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəlikləri, "Şuşa" Şəhəri Dövlət Qoruğu İdarəsi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Heydər Əliyev Mərkəzi, AMEA-nın Əlyazmalar İnstitutu və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.