Redaksiyadan:

“Mədəniyyət” qəzeti ölkəmizdə və xaricdə, xüsusilə də Türk dünyasında baş verən mədəni yenilikləri mütəmadi şəkildə işıqlandırır. Qəzetimizin saytı (medeniyyet.az) bir sıra ölkələrdə, o cümlədən qardaş respublikalarda yaxından izlənilir, yayımlanan bəzi maraqlı yazılara görə reaksiyamıza təşəkkür məktubları daxil olur.

Bu günlərdə qardaş Özbəkistandan Adkhamjon Janobiddinov adlı müəllif redaksiyamıza nəinki bu ölkənin, bütövlükdə Orta Asiyanın incilərindən hesab edilən Səmərqənd şəhərinin tarixi-mədəni zənginlikləri haqqında yazı göndərib. Həmin yazını oxucularımıza təqdim edirik.

***

Özbəkistan Respublikasında yerləşən Səmərqənd şəhəri Asiyanın mirvarisi, İpək Yolunun ürəyi və Teymurilər İmperiyasının paytaxtı kimi tanınır. Bu gün də Orta Asiyanın ən mühüm şəhərlərindən biri hesab olunur və hər il xarici qonaqları cəlb edir. Üstəlik, bu yaxınlarda bu gözəl şəhərdə ən böyük beynəlxalq sammitlərdən biri olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirildi.

Tarixə nəzər salsaq, görərik ki, Səmərqənd Orta Asiyanın ilk şəhərlərindən biridir. Qədim dövrlərdə Əfrasiyab adı ilə tanınırdı. Şəhər illər boyu ərəblər, farslar, samanilər, qaraxanlılar və səlcuq türklərinin nəzarətində idi. Bir çox məşhur tarixçilər, səyyahlar və hətta padşahlar Səmərqəndi görüb olarkən valeh olmuşdular. Məsələn, Böyük İsgəndərin şəhər haqqında belə dediyi bildirilir: “Səmərqəndin gözəlliyi haqqında eşitdiyim hər şey doğrudur, ancaq ondan da gözəldir, təsəvvür edə bildiyimdən daha çox”.

Səmərqəndlilər arasında Şərq xalqları ilə müəyyən əlaqələr mövcud idi. Çinlilərlə ilk əlaqələr Xan sülaləsinə gedib çıxır. Qədim Çin əlyazmalarına görə, onlar Səmərqəndin gözəl bağlarını görüb çox heyran olmuşlar və həmin mənbələrdə səmərqəndlilər “istedadlı tacir” kimi təsvir edilmişdir. Lakin 1220-ci ildə Çingizxan Səmərqəndə hücum etdi və şəhərin əksər hissələri dağıdıldı. Məşhur ərəb alimi və kəşfiyyatçısı İbn Battuta monqolların bölgəyə hücumundan sonra Səmərqənd və Buxarada olmuş və onun qeydlərinə görə Səmərqənddə çoxlu xarabalıqlar qalmışdır. Bununla belə, İbn Battuta da şəhərin gözəlliyinə məftun olmuş və onu Səmərqənd adlandırmışdır: “Şəhərlərin ən böyük və ən gözəllərindən biri, gözəlliyi baxımından ən mükəmməli”.

 

Qızıl dövr

 

XIV-XV əsrlər Səmərqəndin qızıl dövrü hesab edilir. Bu dövrdə böyük siyasətçi, sərkərdə Əmir Teymur (Qərbdə Tamerlan kimi tanınır; 1336-1405) Teymurilər imperiyasının əsasını qoyur. Səmərqənd müasir 27 ölkənin ərazisini əhatə edən nəhəng imperiyanın paytaxtı olur. Teymur Səmərqənd şəhərinin əzəməti və gözəlliyi ilə dünyanın bütün paytaxtlarını geridə qoymağa qərar verir. Orta Asiyada və Şərqdə dünya sivilizasiyasına əvəzsiz töhfələr vermiş böyük dövlət xadimi kimi hörmət qazanan Əmir Teymur İran, İraq, Suriya, Hindistan kimi ölkələrdən ən istedadlı memarları Səmərqəndə gətirmişdir. Əmir Teymur dövründə nəhəng və füsunkar məscid və mədrəsələr tikilmişdir. Prosesi onun övladları davam etdirmişdir. Bibi xanım məscidi, Uluqbəy rəsədxanası, Uluqbəy mədrəsəsi və Quri Əmir Səmərqənddə Teymurilər dövründə tikilmiş ən məşhur tikililərdir.

 

İndi isə Səmərqəndin əsas tarixi abidələri haqqında bir qədər ətraflı danışaq. Səmərqənd şəhəri deyəndə ağlımıza ilk olaraq Registan meydanı gəlir. Şəhərin simvolu kimi tanınır. Registan adını “qumlu yer” kimi tərcümə etmək olar. Əvvəllər meydan karvansaralarla dolu idi, burada sənətkarlar və fermerlər öz mallarını satırdılar. Səmərqəndin bütün əsas yolları Registana aparırdı, həmişə izdihamlı və canlı idi. Registan ətrafında üç mədrəsə var: Tilla Kori, Şer Dor və Uluqbəy. Bunların ən qədimi Uluqbəy mədrəsəsidir. Mirzə Uluqbəy məşhur riyaziyyatçı, astronom və Əmir Teymurun nəvəsi idi. 1720-ci ildə sonralar onun şərəfinə adlandırılacaq mədrəsə istifadəyə verilmişdir. “Mədrəsə” sözü ərəbcədən tərcümədə “tədris və təlim yeri” deməkdir. Mədrəsənin künclərində iki hündür minarəsi vardır. Burada tələbələrə fəlsəfə, riyaziyyat, astronomiya və ilahiyyatdan dərslər verilirdi.

Uluqbəy mədrəsəsi ilə üzbəüz Şer Dor mədrəsəsi yerləşir. 1612-ci ildə sərkərdə Yalanqtuş Bahadur Səmərqənd əmiri təyin edildi və o öz mədrəsəsini tikmək qərarına gəldi. "Şer" “şir” və ya “pələng” deməkdir. Adı tikilinin üzərindəki təsvirlərdən götürülmüşdür: iki böyük qızıl pələng arxalarında günəş daşıyır və ağ maralın arxasınca gedir. Bu fiqurlar mədrəsənin girişini bəzəyir. Şer Dor mədrəsəsi tikildikdən 10 il sonra Yalanqtuş Bahadur Registan memarlıq ansamblını tamamlamaq üçün üçüncü binanın tikintisinə göstəriş verdi. Tilla Kori (“zərli” mənasını verir) mədrəsəsinin tikintisi 1646-cı ildə başlanmış və 14 il davam etmişdir.

Registan meydanından bir qədər aralıda Bibixanım məscidi yerləşir. Məscidlə üzbəüz Bibixanımın məqbərəsi yerləşir. Bibixanım Əmir Teymurun həyat yoldaşı olub və tarixi mənbələrdə onun çox nəcib, ağıllı qadın olduğu deyilir. Bu, Teymurilər dövründə dünyanın ən böyük məscidi hesab edilirdi. Məscidin tikintisinə Əmir Teymurun Hindistana uğurlu yürüşündən sonra, 1399-cu ildə başlanılmış və 1404-cü ildə başa çatdırılmışdır.

Səmərqənddə qədim Əfrasiyab təpələrində Şahi-zinda kompleksi yerləşir. Bu abidənin tarixi özəyini Kusam ibn Abbasın məqbərəsi təşkil edir. Ərəb salnamələrinə görə o, VII əsrdə ərəb istilası ilə İslamı təbliğ etmək üçün Səmərqəndə gəlmişdir. Bəzi rəvayətlərdə deyilir ki, K.Abbasın hələ də sağ olduğu bildirilir və bu səbəbdən həmin məkan Şahi-zinda (“Diri padşah”) adlandırılır. Kompleksdə ecazkar bəzəkli məqbərələri, o cümlədən Teymuri şahzadələrinin və müqəddəslərin dəfn yerlərini görə bilərsiniz.

Şəhərdə Mirzə Uluqbəy Rəsədxanası, Quri Əmir məqbərəsi və s. qədim tarixi tikilərlər də var.

 

Orta Asiyanın mədəniyyət mərkəzi

 

Bu gün Səmərqənd Özbəkistanın ikinci ən böyük şəhəridir. Şəhər tarixi və müasir olmaqla iki hissəyə bölünür. Səmərqəndin tarixi hissəsinə Əfrasiyab təpələri və Teymuri tikililəri, müasir hissəsinə sovet tikililəri və son on ildə tikilmiş müxtəlif tikililər daxildir. Şəhər ildən-ilə böyüyür. Bu ilin sentyabrında Səmərqənddə yeni beynəlxalq turizm mərkəzi açılmışdır. Şəhər bu ilin noyabr ayında Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşünə ev sahibliyi etmişdir.

Sonda onu da deyək ki, özbək və digər xalqların şairləri Səmərqəndə yüzlərlə şeir həsr ediblər. Şəhər bu gün də regionun ən vacib mədəni-iqtisadi mərkəzlərindən biridir. Əgər Mərkəzi Asiyaya səfər etsəniz, bu möhtəşəm şəhəri ziyarət etməyi unutmayın.

Adkhamjon Janobiddinov