Dekabrın 24-də Ankarada yerləşən Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunda (TADİV) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Bizə İlham verən Ali Baş Komandanımız” mövzusunda tədbir keçirilib.

Tədbirdə TADİV rəhbəri Aygün Əttar, Türkiyə Prezidentinin baş müşaviri Ayşə Türkmən, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, digər millət vəkilləri, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

İstanbul Bahçeşehir Universitetinin müəllimi, təhlükəsizlik üzrə ekspert Abdullah Ağar çıxışında İkinci Qarabağ müharibəsinin Qələbə ilə başa çatmasında Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük rolundan, liderlik xüsusiyyətlərindən bəhs edib. Bildirib ki, 44 günlük müharibəsinin uğurunun səbəblərini araşdırmaq üçün doqquz ay Azərbaycanda olub və Qarabağ müharibəsi haqqında ikicildlik kitab yazıb. O, yaxın zamanlarda işıq üzü görəcək kitabı yazan zaman müharibədə iştirak edən yüksək rütbəli hərbçilərlə görüşdüyünü, müharibə iştirakçıları, qazilər və şəhid ailələri ilə ünsiyyətdə olduğunu bildirib.

“Ölümün üzərinə getmək türkdən başqa heç bir millətə məxsus olmayan xislətdir. O əsgərlər düşmənin iradəsini ölümün üzərinə getməklə qırdılar. Yəni bu savaşın taleyini müəyyənləşdirən o güclü iradə oldu. O iradənin arxasında isə güclü bir lider dayanırdı”, – deyən ekspert bildirib ki, mübarizəmiz bitməyib, davam edir.

 

Mehparə Sultanova

Ankara