Kulis.az saytının təşkilatçılığı, "İrshad Electronics” şirkətinin baş sponsorluğu, Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mədəniyyət İdarəsinin, “LIBRAFF” kitab mağazaları şəbəkəsinin və “Pintravel” şirkətinin dəstəyi ilə keçirilən "İlin hekayəsi" müsabiqəsinin qalibləri məlum olub.

Dekabrın 26-da "Libraff" kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında qaliblərin mükafatlandırma mərasimi olub.

Məlumat verilib ki, ümumilikdə 128 hekayənin təqdim olunduğu müsabiqənin gedişində əvvəl iyirmilik (seçilən 20 hekayə), sonra onluq elan olunub. Onluq arasından isə ən yaxşı üçlük açıqlanıb.

Tədbirdə Kulis.az saytının daxil olduğu APA "Media Group"un rəhbəri Vüsalə Mahirqızı artıq ənənə halını almış müsabiqə haqqında danışıb.

Xalq yazıçısı Sabir Rüstəmxanlı, Xalq şairi Ramiz Rövşən, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid ədəbiyyat sahəsində bu cür müsabiqələrin əhəmiyyətindən bəhs ediblər.

"Kulis"in baş redaktoru Ulucay Akif müsabiqə və qaliblərin seçimi prosesi barədə danışıb.

Münsiflər heyətinin üzvləri ədəbiyyatşünas Seyfəddin Hüseynli, ədəbi tənqidçi Elnarə Akimova, yazıçılar Seymur Baycan, Mirmehdi Ağaoğlu müsabiqə haqqında fikirlərini bölüşüblər.

Sonra qaliblərin adları açıqlanıb.

Birinci yerə Nərmin Kamalın "Ülvi küçəsi" hekayəsi layiq görülüb. Yaşar Bünyad "Quşlar qayıtdısa" hekayəsi ilə ikinci, Xəyyam Rəfili "Üç dövrə" hekayəsi ilə üçüncü olub.

Həmçinin oxucular tərəfindən onlayn səsvermə keçirilib və burada Daşqın Məmmədovun "Ata Şuşa" hekayəsi qalib olub.

Qaliblərə "İRŞAD"dan mükafatlar, "Libraff"dan kitab kuponları və "Pintravel”dən  hədiyyələr təqdim olunub.