Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi musiqi mədəniyyətimizin, maddi və qeyri-maddi irsimizin mühafizəsi, tədqiqi, təbliği, nümayişi ilə yanaşı, vətəndaşlarımızın, xüsusilə də gənc nəslin maariflənməsi məqsədilə, mənəvi, əxlaqi, vətənpərvərlik ruhunda tərbiyəsinə, asudə vaxtının səmərəli keçirilməsini diqqətdə saxlayır. Bu məqsədlə muzeydə və onun filialları olan Niyazinin Mənzil- Muzeyində, Qara Qarayevin Ev-Muzeyində, Vaqif Mustafazadənin Ev-Muzeyində mütəmadi olaraq tədbirlər, elmi-praktiki konfranslar keçirilir, sərgilər təşkil edilir. Tədbirlərdə musiqi tariximizdən, mədəni ənənələrimizdən söhbət açılır, ölkənin və dünyanın musiqi həyatında baş verən əlamətdar günlər, görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunur, respublikamızın ictimai-siyasi və mədəni həyatındakı hadisələr diqqət mərkəzinə çəkilir.

Yola salmağa hazırlaşdığımız 2022-ci ildə Musiqi Mədəniyyəti Dövlət Muzeyi üçün qaynaq fəaliyyətlə yadda qalıb. Muzeydə 14 ildir fəaliyyət göstərən Musiqi Həvəskarları Klubu il ərzində 10 tədbir keçirib. “Şuşa İli”nə həsr olunmuş, “Musiqili Şuşa” rubrikasında “Hacıbəyovlar: Niyazi”, Azərbaycanın ilk qadın opera müğənnisi, teatr xadimi, pedaqoq, SSRİ Xalq artisti Şövkət Məmmədovanın 125, Bakı Musiqi Akademiyası ilə birgə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun 100, tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyləri münasibətilə, habelə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş və s. tədbirlər təşkil olunub.

Klubun tədbirləri ilə yanaşı, il ərzində muzeydə və onun filiallarında SSRİ Xalq artistləri, müğənni Bülbülün 125, maestro Niyazinin 110, bəstəkar Fikrət Əmirovun 100, müğənni və pedaqoq, Xalq artisti Şövkət Ələkbərovanın 100, xanəndə, Xalq artisti Sara Qədimovanın 100, Xalq artisti, bəstəkar Emin Sabitoğlunun 85  illik yubileyi münasibətilə tədbirlər keçirilib.

Bundan əlavə, SSRİ Xalq artisti Qara Qarayevin andan olmasının 104-cü ildönümü, bəstəkarın “Yeddi gözəl” baletinin 70, “İldırımlı yollarla” baletinin 65 illiyinə həsr olunan tədbirlər təşkil olunub. Heydər Əliyev Fondu tərəfindən “Əbədi imzalar” layihəsi çərçivəsində nəşr olunaraq muzeyə hədiyyə edilmiş Qara Qarayevin əsərlərindən ibarət not məcmuəsinin təqdimatı keçirilib.

İl ərzində muzeydə Azərbaycan Dövlət Film Fondu ilə birgə müxtəlif tarixlərdə bərpa olunmuş “Maestro Niyazi” (1975), “Prima” (1992) və “Fikrət Əmirov” (1985) sənədli filmlərinin təqdimat mərasimləri gerçəkləşib.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Dmitri Sitkovetski ilə görüşlər” silsiləsindən tədbir, bəstəkar, musiqişünas, kulturoloq və publisist Elmir Mirzəyevin mühazirələri, “Rauf Hacıyev – 100” musiqi festivalı çərçivəsində görkəmli bəstəkarın yubileyi münasibətilə elmi-yaradıcılıq diskussiya da ilin yaddaqalan tədbirlərindən olub.

Muzeydə musiqi mədəniyyətimizin tanınmış nümayəndələri ilə görüşlər də təşkil olunub. Görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə və pianoçu, Əməkdar artist Rəna Rzayeva ilə yaradıcılıq görüşləri keçirilib. Musiqişünas-alim, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Abasovanın 90 illiyinə həsr olunmuş tədbir, xanəndə, bəstəkar, Xalq artisti Məmmədbağır Bağırzadənin xatirə gecəsi təşkil olunub.

Bundan əlavə, Ümummilli lider Heydər Əliyevin doğum və anım günlərinə həsr olunmuş tədbirlər, 20 Yanvar faciəsinin 32-ci, Xocalı soyqırımının 30-cu ildönümünə, 28 May – Müstəqillik Günü, Milli Qurtuluş Günü və digər tarixi və beynəlxalq əlamətdar günlərlə bağlı tədbirlər təşkil edilib.

Azərbaycan Respublikası ilə İsveç Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş, Bakı Musiqi Akademiyası ilə birgə keçirilən XIX–XX əsrlər fransız musiqisindən ibarət konsertlər, məşhur klassik fransız pianoçusu və pedaqoq Olivye Qardonun solo konserti bu ilin yaddaqalan tədbirlərindən olub.

Muzeydə həmçinin “Şuşa İli” münasibətilə muzeyin zəngin kolleksiyaları əsasında “Şuşa musiqiçiləri” adlı sərgi təşkil olunub. Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı sərginin nümayişi növbəti ildə də davam etdiriləcək.