Bülbülün Memorial Muzeyində Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbi ilə birgə Azərbaycan professional vokal sənətinin banisi Bülbülün 125 və dahi bəstəkar, simfonik muğam janrının banisi Fikrət Əmirovun 100 illiyi qeyd olunub.

Muzeyin direktoru Fərqanə Cabbarova hər iki sənətkarın Azərbaycan musiqi tarixində əvəzolunmaz yeri, həmçinin onların arasındakı səmimi dostluq və yaradıcılıq münasibətlərindən bəhs edib.

Tədbir 20 nömrəli Musiqi məktəbi şagirdlərinin konsert proqramı ilə davam edib. Konsert zamanı Bülbülün repertuarından mahnılar və Fikrət Əmirovun əsərləri səslənib.

Daha sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar. Fikrət Əmirovun 100 illiyi münasibətilə ekspozisiyada nümayiş etdirilən bəstəkarın əlyazmaları, notları, məktub və teleqramları onların marağına səbəb olub.