İkinci Dünya müharibəsi zamanı İtaliya Müqavimət hərəkatının fəal iştirakçısı olmuşazərbaycanlı partizan, Pistoya şəhərinin fəxri vətəndaşı Məmməd Bağırovun 100 illik yubileyi dekabrın 27-də Milli Azərbaycan Tarixi Muzeyində qeyd olunub.

Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı giriş sözündə muzeydə İkinci Dünya müharibəsi ilə bağlı çoxsaylı eksponatların mühafizə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, muzeyin fondunda partizan Məmməd Bağırova aid eksponatlar da saxlanılır. Bu tarixi gələcək nəsillərə də ötürmək məqsədilə sözügedən materialların mütəmadi sərgiləri təşkil edilir.

Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi Bəhman Kərimov, Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi İlham Abbasov, partizan Məmməd Bağırovun nəvəsi, 2020-ci il Vətən müharibəsi qazisi Murad Əfəndiyev çıxış edərək Məmməd Bağırovun İkinci Dünya müharibəsi dövründə partizan hərəkatında göstərdiyi qəhrəmanlığı haqqında söz açıblar.

Sonda tədbir iştirakçıları Məmməd Bağırova həsr olunmuş sərgi ilə tanış olublar. Sərginin kuratoru muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşovdur.