F.Köçərli adına Respublika Uşaq Kitabxanasında İrəvan Müəllimlər Seminariyasının yaranmasının 140 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Azərbaycanın qədim şəhəri İrəvanda maarifçilik fəaliyyəti, mədəni-maarif tariximizdə mühüm yer tutan İrəvan Müəllimlər Seminariyasının yaranması, anadilli məktəblərimizin pedaqoji kadrlarla təmin edilməsində mühüm rolu, burada təhsil almış, eləcə də müəllimlik fəaliyyəti göstərmiş ziyalılarımız haqqında geniş məlumat verilib.

Çıxış edən qonaqlar tərəfindən qeyd edilib ki, İrəvan şəhəri tarixən azərbaycanlıların yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapıb. Bu xüsusda İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyəti vurğulanıb.

Sonda böyük maarifpərvər ziyalı, yazıçı, pedaqoq Firidun bəy Köçərlinin həyat və fəaliyyətinə həsr olunmuş slayd nümayiş olunub.

Qeyd edək ki, tədbir İrəvan ədəbi-mədəni, ictimai-siyasi mühitinin görkəmli nümayəndələrini ədəbiyyatımızda, mədəniyyətimizdə oynadığı müstəsna rolunu uşaq və yeniyetmələr arasında təbliğ etmək məqsədilə təşkil edilib.