Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası “İz - Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi ilə birgə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şəhid və qazi övladları ilə “Həmrəy olaq!” adlı tədbir keçirib.

Tədbirdə Səbail rayon MKS-nin direktoru, Əməkdar mədəniyyət işçisi Nüşabə Ələkbərova, ictimai birliyin rəhbəri Fəridə Mirişova, İB-nin şöbə müdiri Aysel Fikrət, Vətən müharibəsi şəhidləri – gizir Pərvin Fərzalıyev, baş leytenant Məhəmməd Əkbərov, baş gizir Zaur Babayev, əsgər Kamran Həsənovun ailə üzvləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası Xoreoqrafiya şöbəsinin şagirdləri iştirak ediblər.

MKS-nin əməkdaşları tərəfindən “Nif-nif, Nuf-nuf, Naf-naf və canavar” ingilis nağılı əsasında hazırlanmış tamaşa təqdim ediblər. Gimnaziyanın şagirdləri rəqs nömrələri nümayiş etdiriblər. Yeni ilin əsas obrazı Şaxta baba tədbirə daha da rəng qatıb, uşaqları əyləndirib, onları bayram sovqatı ilə sevindirib. Uşaqlara həmçinin MKS-nin Mərkəzi Kitabxanası tərəfindən kitablar hədiyyə edilib. 

Sonda uşaqlar Yeni illə bağlı hazırlanan sərgi ilə tanış olublar.