Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində (AMM) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib, Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

AMM-nin direktoru Samir Abbasov çıxışında tədbir iştirakçılarını salamlayaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü haqqında məlumat verib. Qeyd edib ki, soydaşlarımızın həmrəyliyi və onların azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi layihəsi Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindəndir. Vurğulanıb ki, həmrəylik günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlının bayramıdır.

AMM-nin direktoru Samir Abbasov 2022-ci ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu il olduğunu, bu il Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana üç dəfə səfər etdiyini, dövlətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini, Daşkənddə Heydər Əliyev xiyabanının açılışının keçirildiyini diqqətə çatdırıb. O, 2022-ci ildə Azərbaycanın qazandığı nailiyyətlər barədə danışaraq, “Şuşa İli” münasibətilə həyata keçirilən layihələr barədə də məlumat verib, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindən söz açıb.

Özbəkistan Jurnalistlər İttifaqının nümayəndəsi Akbar Maqdiyev ölkələrimiz arasında mədəniyyət və jurnalistika sahələrində əlaqələrin inkişaf etdiyini bildirib, Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə mühüm layihələrə imza atdığını bildirib, AMM-nin layihəsi ilə Özbəkistanın media təmsilçiləri və yazarlarının mədəniyyət paytaxtımız Şuşaya səfərindən bəhs edib.

Akbar Maqdiyev Özbəkistan mövzusunu, iki ölkənin dostluğunu, əməkdaşlığını geniş təbliğ edən Azərbaycanın kütləvi informasiya vasitələrinin Özbəkistan Jurnalistlər İttifaqı tərəfindən mükafata layiq görüldüyünü də diqqətə çatdırıb. Mükafatçılar sırasında “Mədəniyyət” qəzeti də var. A.Maqdiyev mükafatları aidiyyəti üzrə göndərmək üçün AMM-yə təqdim edib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğundan danışıb, 2023-cü ildə Özbəkistanın Səmərqənd şəhərinin Dünya Turizm Təşkilatı tərəfindən “Dünyanın turizm paytaxtı”, Azərbaycanın Şuşa şəhərinin isə TÜRKSOY təşkilatı tərəfindən isə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildiyini deyib.

Sonra Özbəkistanda 2022-ci il üzrə Azərbaycana dair elan edilmiş müsabiqənin müxtəlif nominasiyalar üzrə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bayram konserti təqdim olunub.