Prezident İlham Əliyev: “Məqsədimizə çatmışıq, artıq şəhər içində şəhər var”

 

Qədimliklə müasirliyin sintezi olan Azərbaycan paytaxtının yeni siması sayılan, çağdaş şəhərsalma və memarlığın ən qabaqcıl elementlərini ehtiva edən Bakı Ağ Şəhərin Mərkəzi park kvartalında bir sıra tikililər, avtomobil yolları və digər infrastruktur işləri tamamlanıb.

Dekabrın 27-də Prezident İlham Əliyev kvartalda görülən işlərlə tanış olub, “Qarabağ atları” kompleksinin təməlini qoyub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Ağ Şəhər layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, Bakı Ağ Şəhərin Mərkəzi park məhəlləsində müxtəlif ölçülü küçələrin salınması və yolaltı kommunikasiya infrastruktur işləri tamamlanıb. Bunlar Qarabağ atları, 3-cü Şərq, 6-cı Park küçələri və digər küçələrdir. Bununla da Ağ Şəhərin Xəqani Rüstəmov küçəsindən əlavə daha iki küçəsinin Babək prospektinə rahat giriş və çıxışı təmin ediləcək.

Tamamlama işləri çərçivəsində arabalar üçün panduslar, yerüstü piyada keçidləri, qoruyucu tumbalar, DİN-in “Təhlükəsiz şəhər” xidməti tərəfindən videokameralar quraşdırılıb, yeraltı kommunikasiyalar, İT kanal sistemləri çəkilib. Mərkəzi park məhəlləsi  2017-ci ildə təhvil verilmiş “Paris evləri”ndən əlavə, 36, 20 və 8 mərtəbəli yaşayış binaları, 6-cı Park küçəsi boyunca ikimərtəbəli qeyri-yaşayış binaları, ticarət və ictimai iaşə obyektləri, orta məktəb, ofis və dövlət inzibati binaları, bir sıra park və yaşıllıq zonalarından ibarətdir.

Qarabağ atları küçəsinin mərkəzində səkkizmərtəbəli, müasir fasadlı yaşayış binalarının əhatəsində Qarabağ atları meydanı yerləşir.

Prezident İlham Əliyev meydanda ağac əkib. Sonra dövlət başçısı “Qarabağ atları” kompleksinin təməlini qoyub.

Meydanla tanışlıq zamanı qeyd olunub ki, ətrafdakı binalarda mağazaların, ictimai iaşə obyektlərinin açılması nəzərdə tutulur. Meydanın mərkəzində Azərbaycanın Qarabağ torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsindəki Zəfərinə həsr edilən Qarabağ atlarının heykəl kompleksi quraşdırılıb. Yeddi Qarabağ atından ibarət kompleksin hazırlanmasına amerikalı heykəltəraş Robert Sammers cəlb olunub.

Qarabağ atları küçəsində piyadalar üçün panduslar və yerüstü keçidlər, yaşıllıq zolaqları salınıb, avtomobil və velosiped dayanacaqları yaradılıb, piyadaların istiqamətləndirilməsi üçün yol göstəriciləri və s. quraşdırılıb.

Prezident İlham Əliyev avtobusla Bakı Ağ Şəhər Mərkəzi park kvartalını gəzib.

Məlumat verilib ki, burada dördmərtəbəli hipermarket binasının, Babək prospektində müasir dizaynlı çoxfunksiyalı binanın və avtodayanacağın inşası başa çatıb. Həmçinin Bakı Ağ Şəhərin “landmark”ı olan və hazırda tikintisi aparılan 12 mərtəbəli ofis binası beynəlxalq standartlara uyğun iş məkanı təklif edəcək. Biznes mərkəzinin arxasında, hündür binaların əhatəsində 1 hektar ərazisi olan Mərkəzi park layihələndirilib. Park piyadalar üçün şimalda Babək prospekti və Qarabağ atları meydanından başlayan Fəvvarələr meydanı və piyada körpüsü boyunca Ağ Şəhər bulvarınadək 2 kilometrlik maneəsiz gəzinti xiyabanı olacaq.

Ərazi ilə tanış olan İlham Əliyev “Məqsədimizə çatmışıq, artıq şəhər içində şəhər var”, – deyə bildirib.

Prezidentə Bakı Ağ Şəhər layihəsi üzrə növbəti illərdə görüləcək işlər barədə də məlumat verilib.

Qeyd edək ki, Bakı Ağ Şəhər layihəsi ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir. Bakı Ağ Şəhər dünyanın qabaqcıl və müasir ekoloji şəhərsalma layihəsi kimi müxtəlif beynəlxalq mükafatlara (Honkonqda “MIPIM Asia Awards 2011” müsabiqəsi, Dubayda “Cityscape Global” və s.) layiq görülüb.

Ağ Şəhərin təhvil verilmiş məhəllələrində artıq minlərlə sakin keyfiyyətli və müasir şəhər mühitində yaşayır.