“Şuşa İli”ndən Qarabağlı, Zəngəzurlu – bütöv Azərbaycan ruhlu illərə...

 

Ölkəmizin həyatında bir çox yeniliklər, əlamətdar hadisələrlə zəngin olan 2022-ci il başa çatır. Azərbaycan tarixinin şanlı səhifəsi və dövlət kimi varlığının yeni istinad nöqtəsi olan Vətən müharibəsindəki Zəfərdən sonra artıq üçüncü təqvim ilini qarşılayır. Müzəffər xalq, sərhədləri bütöv ölkə olaraq yaşadığımız bu iki il, həyatımıza Qarabağın, Zəngəzurun azad havasını qatmaqla yanaşı, qarşıdakı üfüqləri də aydınlatdı.

2022-ci il tariximizdə, hər şeydən öncə, otuzillik ayrılıqdan sonra yurd yerlərimizə təkcə ayaq basmaq deyil, yurd-yuvalı, ev-eşikli qayıdışımızın başlanğıcı oldu. Bu ilki Zəngilanın Ağalı kəndinin sakinləri yaşadı, onların sevincini isə bütün xalqımız bölüşdü. Sevinc paylaşıldıqca çoxalır. Qarşıdakı illərdə onu digər azad və abadlaşan yurd yerlərimizin sakinləri də yaşayacaq.

Bu il Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci  Dövlət Proqramının (2022-2026) icraatı başlandı. Proqramda mədəniyyət və mədəni irslə bağlı mühüm tədbirlər, layihələr də nəzərdə tutulub. Azad torpaqlarımız abad olduqca, o yerlərə mədəniyyətimiz, incəsənətimiz də qayıdacaq. Artıq iki ildir söz-sənət dolu müxtəlif tədbirlərə ev sahibliyi edən mədəniyyətimizin paytaxtı Şuşa 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” kimi qucağını qonaqlara daha geniş açacaq. “Şuşa İli” təqvimdə bitsə də, əslində, davam edəcək...

...Otuz ildən çoxdur təqvimimizə bir gün də daxil olub: Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Bu gün sayəsində il sonu bayramımız ikiqat olub. Lakin Vətən torpaqlarının bir hissəsi yağı əlində olduğu illərdə, bayram bayrama qovuşsa da, onları xalq olaraq ürəkdolusu, könül xoşluğu ilə yaşaya bilmirdik. Artıq xalqımız üçün yeni milad olan Zəfərdən sonra üçüncü təqvim ilidir ki, onu bütün dünyadakı soydaşlarımız gerçək anlamda ikiqat bayram ruhu ilə qarşılayır. İndi gerçəkdən bayram bayrama qovuşur.

Bayramlarımız mübarək olsun, əziz soydaşlarımız, Azərbaycan adı ilə yaşayan cümlə vətəndaşlarımız, dünyanın dörd bir yanında yaşayan həmvətənlərimiz!

V.Kamal