"Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin (RMİ) dəstəyi ilə II Sumqayıt Kitab Sərgisi keçirildi.

23-25 dekabr tarixlərində “Bölgələrə kitabla gedirik!” şüarı altında Sumqayıt şəhərindəki “Kimyaçı” Mədəniyyət Sarayında təşkil olunan sərginin rəngarəng proqramı vardı.

Biz də II Sumqayıt Kitab Sərgisi ilə tanış olmaq üçün sərginin keçirildiyi ünvana yollandıq. Sərgi haqqında ətraflı məlumatı ANAİB-in sədr müavini, “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariqdən aldıq. Müsahibim qeyd etdi ki, ilki ötən ilin oktyabrında keçirilən və şanlı Zəfərimizin birinci ildönümünə həsr olunan sərgi rəğbətlə qarşılanmışdı: “Biz düşündük ki, bu sərginin davam etdirmək lazımdır. Ona görə də bu il ikinci sərgini hazırladıq. Ümid edirəm ki, builki sərgi də uğurlu olacaq. Belə ki, üç gün sürəcək sərgidə ölkəmizin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evi iştirak edir. Kitab bayramında nəşrlərə böyük endirim tətbiq olunur. Bundan əlavə, sərgi çərçivəsində tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri keçirilir”.

Soyuq dekabr ayına baxmayaraq sərgidə xeyli sayda kitabsevər var idi. Oxucular ilin son sərgisinə üz tutaraq böyük həvəslə sevimli şair və yazıçılarının kitablarını endirimlə əldə edirlər. Sərgi məkanında öz əl işlərini nümayiş etdirən bir xanım diqqətimizi çəkir. Əlil arabasında olan Xəyalə Yusifova bijuteriya, toxuma çanta və səbətlərin satışı ilə məşğul olduğunu deyir: “Yeddi ildir ki, bu işlə məşğul oluram. Sosial şəbəkələrdə elə də aktiv deyiləm. Ona görə də toxuduğum əl işlərini belə sərgilərdə nümayiş etdirərək qazanc əldə edirəm”.

Bildirək ki, sərginin açılış mərasimində Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsi Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov, Sumqayıt RMİ-nin rəisi Rəşad Əliyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov və digər qonaqlar çıxış ediblər.

Üç gün davam edən sərgidə Xalq artistləri – aktyor Vidadi Həsənov və rejissor Firudin Məhərrəmov, Milli Kulinariya Mərkəzinin baş direktoru, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, ANAİB-in sədri, “Hədəf” Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq, təlimçi, sosial araşdırmaçı Orxan Şahbaz və başqalarının müxtəlif mövzularda seminarları keçirilib. Bundan başqa, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, yazarlar Elxan Elatlı, Rövşən Abdullaoğlu, Fatimə Alxaz, Ülviyyə Tahir, Aqşin Yenisey və digərlərinin oxucularla görüşü gerçəkləşib.

ANAİB-in növbəti kitab sərgisinin gələn il Lənkəranda keçirilməsi nəzərdə tutulur.

Nurəddin