Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru, kamança ifaçısı, pedaqoq Abbasqulu Nəcəfzadənin 65 illik yubileyi dekabrın 28-də Beynəlxalq Muğam Mərkəzində qeyd edilib.

Gecədə incəsənət xadimləri və yubilyarın sənət dostları iştirak ediblər.

Çıxış edənlər Abbasqulu Nəcəfzadənin yaradıcılıq yolundan, pedaqoji fəaliyyətindən söz açıblar, yubiley münasibətilə ona təbriklərini çatdırıblar. Bildirilib ki, 1976-cı ildən musiqiçi, eləcə də ifaçı-müəllim və müxtəlif ansamblların rəhbəri kimi fəaliyyət göstərən Abbasqulu Nəcəfzadə musiqişünaslıq elminə də töhfələr verib. Bu gün Milli Konservatoriyanın professoru olaraq bilik və bacarığını peşəkar musiqiçilərin yetişdirilməsinə sərf edir. Onun müxtəlif mövzularda elmi məqalələri, araşdırmaları sənət tariximizi zənginləşdirib.

Yubiley gecəsində sənətkara həsr olunan sənədli filmlərdən kadrlar nümayiş olunub, musiqilər səslənib.

Yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.