Latviya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Viya Buşa dekabrın 28-də Milli Kitabxanada olub.

Kitabxanadan bildirilib ki, hər il Latviyanın Azərbaycandakı Səfirliyi tərəfindən Milli Kitabxanada fəaliyyət göstərən “Beynəlxalq əməkdaşlıq zalı”ndakı Latviyaya aid guşəyə kitablar hədiyyə edilir. Bu il də xanım Viya Buşa bu ənənəni davam etdirərək Milli Kitabxanaya Latviyanın ədəbiyyatı, tarixi, mədəniyyəti ilə bağlı kitablar təqdim edib.

Kitabxananın direktoru professor Kərim Tahirov da qonağa Azərbaycan və ingilis dillərində nəşr olunan “Daş keşikçiləri”, “Qədim qalanın yuxuları” və “Karabakh by the roads of victory” kitablarını hədiyyə edib.

Söhbət zamanı müvəqqəti işlər vəkili Viya Buşa ötən əsrin əvvəllərində Azərbaycanda latış dilində tədris verən məktəb barədə söhbət açıb və bununla bağlı məlumatların toplanmasını və Milli Kitabxana ilə birgə sərgi hazırlanmasını təklif edib.

Kitabxananın direktoru məmnuniyyətlə belə bir layihəyə dəstək verəcəklərini bildirib.