Bakı Kitab Mərkəzində Xalq yazıçısı, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyyətə bərabər sevgi” kitabının (rus dilində) təqdimat mərasimi keçirilib.

“Şərq-Qərb” nəşriyyatında işıq üzü görən kitabda müəllif öz qəhrəmanlarının uşaqlıq və gənclikdən kamil yaşlarınadək olan həyat yolundan danışır, onları bağlayan tellərdən, uşaqlarını tərbiyə etmələrindən, Zərifə xanım və Heydər Əliyevlərin payına düşən həyat sınaqlarından söhbət açır. Müəllifin sözlərinə görə, o, qəhrəmanlarını qeyri-rəsmi tərəfdən göstərmək istəyib.

Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, diplomat və ictimai xadim Həsən Həsənov, sənətşünas Nigar Axundova, Azərbaycanda Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı Jalə Əliyeva və digər çıxış edənlər Heydər və Zərifə Əliyevlər haqqında ürək sözlərini bölüşüb, xatirələrini danışıblar.

Çıxışlarda lider Heydər və Zərifə Əliyevlərin qeyri-adi istedadının onların övladlarına –Prezident İlham Əliyevə və ictimai xadim Sevil xanım Əliyevaya da sirayət etməsi vurğulanıb. Dünya şöhrətli müğənni Müslüm Maqomayevin ifasında Sevil Əliyevanın bəstələdiyi mahnılar səsləndirilib.

Tədbirin bədii hissəsində Xalq artisti Azər Zeynalov və beynəlxalq müsabiqələr laureatı, vokalçı İslamə Abdullayeva çıxış ediblər.