“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Yeni illə bağlı köhnə ənənəni geri qaytarır.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumata görə, “Sabah” yaradıcılıq studiyası bayramla bağlı “Televizor” adlı film ərsəyə gətirib.

Studiyanın bədii rəhbəri və filmin prodüseri Xalq artisti Ramiz Həsənoğlu bildirib ki, ötən illərdə “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Qatarda” və s. tamaşalar geniş auditoriya tərəfindən böyük rəğbətlə qarşılandığı üçün köhnə ənənəni bərpa etmək qərarına gəliblər. Onun sözlərinə görə, üç aya yaxın hazırlıq prosesi gedən yeni televiziya filmi də maraq doğuracaq.

Ekran əsərinin ssenarisi Xalq yazıçısı Elçinin “Gül dedi bülbülə” hekayəsinin motivləri əsasında yazılıb. Filmin quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Eldar Məmmədov, prodüseri Ramiz Həsənoğludur.

“Televizor” 2023-cü il yanvarın 1-də saat 18:40-da AzTV-də yayımlanacaq.