Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (Daşkənd) ilə birgə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

200-ə yaxın azərbaycanlı və özbək uşağın iştirak etdiyi tədbirdə əvvəlcə AMM-dəki Azərbaycan Dövlətçilik Tarixi Muzeyi ilə tanışlıq olub, tarix və mədəniyyətimiz haqqında məlumat verilib. Uşaqlar həmçinin mərkəzin foyesində 2022-ci ildə Azərbaycanın qazandığı uğurlara həsr olunmuş sərgiyə baxıblar.

AMM-in direktor müavini Nadir Əlimirzəyev uşaqları qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Sonra bədii hissə təqdim olunub. Orta məktəb şagirdi Əli Abbaslı böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun əsərlərindən parçalar səsləndirib, AMM-in nəzdində fəaliyyət göstərən Əməkdar artist Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər. Təqdim olunan bayram tamaşası uşaqlara xoş anlar yaşadıb.

Sonda AMM və Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi tərəfindən uşaqlara Yeni il hədiyyələri təqdim olunub.