Xalq rəssamı, tanınmış heykəltəraş Salxab Məmmədov 80 illik yubileyi ərəfəsində dövlət başçısı tərəfindən təltif olunub.
Prezident İlham Əliyev yanvarın 3-də bu barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Salxab İsa oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
S.Məmmədov 1943-cü il yanvarın 4-də Şəkidə anadan olub. Heykəltəraşın əl işləri ölkəmizdə, eləcə də xaricdə ucaldılıb. Berlində “Xocalı” abidəsinin, Nizami Gəncəvinin Roma şəhərinin “Villa Borghese” parkındakı abidəsinin, Polşanın Qniezno şəhərində ucaldılmış “Dostluq” abidəsinin həmmüəllifidir.
Yaradıcılıqla yanaşı 1989-cu ildən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib, 1999-cu ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) çalışır. 2004-cü ildən ADRA-nın prorektorudur.
Sənətkarı əlamətdar yubileyi və dövlət təltifi münasibətilə təbrik edirik.