Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda ənənəvi olaraq Sarıqamış şəhidlərinin anım mərasimi düzənlənəcək.

Türkiyənin Gənclər və İdman Nazirliyi “Şərq Ekspresi” (Doğu Ekspresi) turistik qatarı ilə yanvarın 9-da keçirilməsi planlaşdırılan anım mərasiminə reys təşkil edəcək. Bu barədə nazir Mehmet Muharrem Kasapoğlu sosial şəbəkə hesabında paylaşım edib.

Ankara-Qars marşrutu ilə hərəkət edəcək qatar İrmak, Kayseri, Sivas, Divriği, Erzincan, Ərzurum stansiyalarını keçəcək. Məqsəd XX ərsin ən ağır insan fəlakətləri sırasında yer alan Sarıqamış faciəsinin acılarını bir daha yaddaşlara yazmaq, şəhidlərin ruhuna ehtiram göstərməkdır.

Qeyd edək ki, Osmanlı Ordusu Birinci Dünya müharibəsində – 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı (çar Rusiyası ilə savaş cəbhəsində) zamanı mürəkkəb hava şərtləri səbəbindən on minlərlə hərbçisini itirib. Onların çoxu şaxtada donaraq şəhid olub. Bu ağır fəlakət Osmanlının Birinci Dünya müharibəsində sonrakı məğlubiyyətinə və dövlətin süqutuna əhəmiyyətli təsir göstərib.

Mehparə Sultanova
Ankara