Prezident Milad bayramı münasibətilə pravoslav xristian icmasını təbrik edib

 

Məlum olduğu kimi, xristian dünyasının ən böyük bayramı olan Milad (İsa peyğəmbərin mövludu) iki ayrı tarixlərdə qeyd olunur. Katolik və protestant xristianlar Milad bayramını Qriqorian təqviminə (1582-ci ildə Papa XIII Qriqorinin təşəbbüsü ilə tətbiq edilən və hazırda dünyanın əksər ölkələrinin istifadə etdiyi yeni təqvim) görə dekabrın 25-də, pravoslav (ortodoks) xristianlar isə köhnə, Yulian təqviminə əsaslandıqları üçün ondan 13 gün sonra (7 yanvar) bayram edirlər. Yanvarın 7-də Azərbaycandakı pravoslav xristianları da Milad bayramını qeyd edəcəklər.

Prezident İlham Əliyev Milad bayramı münasibətilə Azərbaycandakı pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

Müraciətdə vurğulanır ki, tarixən dostluq və qardaşlıq mühitinin, yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü Azərbaycanda ayrı-ayrı xalqların və dini etiqadların nümayəndələri əsrlərlə sülh və əmin-amanlıq şəraitində yaşamışlar. Bu gün dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan və sivilizasiyalararası münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən ölkəmizdə dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs bərabər hüquq və azadlıqlara malikdir.

Təbrikdə qeyd edilir ki, cəmiyyətimizdə yüz illər boyu təşəkkül tapmış mədəni müxtəlifliyin, yüksək humanizm prinsiplərinin, zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Prezidentin təbrik məktubunda bildirilir ki, ölkəmizin digər etnik-dini qrupları kimi, xristian həmvətənlərimiz də öz adət-ənənələrini, dil və mədəniyyətini yaşadaraq ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, respublikamızda gedən böyük inkişaf və quruculuq prosesində vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər.

Milad bayramını yeniliyin, paklığın, mərhəmət və xeyirxahlıq duyğularının rəmzi adlandıran dövlətimizin başçısı pravoslav xristian icmasına əlamətdar gün münasibətilə xoş arzularını çatdırıb.