Pravoslav xristianlar tərəfindən yanvarın 7-də qeyd edilən İsa peyğəmbərin mövludu günü – Milad bayramı münasibətilə alban-udi icmasının yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki müqəddəs Yelisey adına “Cotari” kilsəsində də mərasim keçirilib.

Kilsə ətrafında cəmləşən qəsəbə sakinləri bayramlaşıblar. Kilsənin önündə açılan bayram süfrəsi xüsusilə uşaqların sevincinə səbəb olub.

Bayram üçün hər kəs toplaşdıqdan sonra dini ayinlərin icrası üçün kilsədə mərasim təşkil edilib.

Alban-udi icmasının rəhbəri Robert Mobili Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışıb. Qeyd edib ki, Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların yanaşı yaşadığı unikal ölkədir. Bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimlərini sərbəst yerinə yetirmək üçün şərait yaradılıb: “Qarabağdakı torpaqlarımızda olan müqəddəs irsimiz, alban kilsələri otuz ilə yaxın əsir idi. Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin sayəsində, nəhayət, biz dini ocaqlarımıza gedə bildik, orada ibadət elədik, şəhidlərimizi yada saldıq, şamlar yandırdıq”.

Robert Mobili bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra digər dini icmalar kimi, alban-udi xristian icması üçün də çox gözəl şərait yaranıb. İndi biz Milad və Pasxa bayramlarını daha geniş və rahat qeyd edə bilirik.

Alban-udi xristian icmasının sədr müavini Rafik Danakari “Cotari” kilsəsinin əsaslı şəkildə bərpasının da tolerantlığa gözəl nümunə olduğunu bildirib. Bundan əlavə, Nic qəsəbəsində yerləşən ən qədim kilsələrdən biri ötən il Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa olunaraq udilərin ixtiyarına verilib.

“Bu gün həmişəki kimi azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri bizimlə bərabər bayram tədbirində iştirak edirlər. Bu kilsələri Azərbaycanda 4-5-ci əsrlərdə bizim atalarımız tikiblər. Bu təkcə udilər üçün yox, Qafqaz Albaniyasında yaşayan bütün xalqlar üçün tikilmiş məbədlərdir. Ona görə ki, bizim Allahımız birdir, bizi yaradan tək Allahdır, biz də tək Allaha qulluq edirik”, - deyə o vurğulayıb.

Çıxışlarda vurğulanıb ki, müsəlmanların və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.

Qeyd edək ki, hazırda Nic qəsəbəsində üç kilsə, iki məscid var. Altı min əhalisi olan qəsəbənin sakinlərinin yarıdan çoxunu alban-udi icması təşkil edir. Nicdəki məktəblərin ibtidai siniflərində udi dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.