2023-cü ildə audiovizual sənət dünyasının ilk mükafatları – ABŞ-da ənənəvi “Qızıl qlobus”un təqdimatı olub. Hollivud Xarici Jurnalistlər Birliyinin təsis etdiyi mükafatın növbəti qalibləri yanvarın 10-da (Bakı vaxtilə ayın 11-də) Beverli-Hills şəhərində (Kaliforniya ştatı) keçirilən mərasimdə elan edilib. “Beverli-Hilton” hotelində 80-ci “Qızıl qlobus”un təqdimatı NBC kanalı tərəfindən canlı yayımlanıb.

“Qızıl qlobus”un əsas nominasıyası sayılan “ən yaxşı rejissura” mükafatı Amerika kinosunun metrlərindən Stiven Spilberqə verilib. 76 yaşlı rejissor bu mükafata özünün uşaqlıq dövründən bəhs edən “Fabelmanlar” filminə görə layiq görülüb. Bu nominasiyada onun filmi ilə Ceyms Kameronun “Avatar: Su yolu”, Baz Lurmanın “Elvis”, Todd Fildin “Tar” filmləri yarışıb.

“Ən yaxşı ssenari” üzrə mükafata Britaniya (irland) kinodramaturqu və rejissoru Martin Makdonax “İnişerinin ölüm pərisi” filminə (“The Banshees of Inisherin”; banşi (banshee) – irland folklorunda ölüm pərisi) görə layiq görülüb. “Qara” tragikomediyada hadisələr 1923-cü ildə İrlandiyada vətəndaş müharibəsinin sonlarında İnişerin (uydurma ad) adasında cərəyan edir.

Münsiflərin rəyinə görə, ən yaxşı qadın rolunu “Tar” filmində (Todd Fild) Keyt Blanşett oynayıb. Aktrisa filmdə Berlin Filarmoniyasının dirijoru Lidia Tarı canlandırıb.

“Ən yaxşı kişi rolu” nominasiyasında “Qızıl qlobus” heykəlciyini isə “Elvis” filmində (Baz Lurman) baş qəhrəmanı – məşhur müğənni Elvis Preslini oynayan Ostin Batler qazanıb.

Bundan əlavə, müzikl və ya komediyada ən yaxşı qadın ifaçı kimi Mişel Yeo (“Hər şey hər yerdə və birdən”; elmi-fantastik komediya, rejissorlar Den Kvan, Daniel Şaynert), bu janrda ən yaxşı aktyor kimi isə “İnişerinin ölüm pərisi”ndə əsas rollardan birini oynayan Kolin Farell mükafata layiq görülüblər.

Xarici (qeyri-ingilis) dildə ən yaxşı film olaraq argentinalı rejissor Santyaqo Mitrenin “Argentina, 1985”, animasiya janrında isə meksikalı Gilyermo del Toronun “Pinokkio”su seçilib.

Həmçinin ikinci plan rolları (aktyor və aktrisa), musiqi, operator işi və s. nominasiyalarda mükafatçılar elan edilib.

Kinematoqrafiyada görkəmli xidmətlərinə görə Sesil B. De Mill mükafatına məşhur aktyor Eddi Merfi, fəxri “Qızıl qlobus”a isə rejissor və ssenarist Rayan Merfi layiq görülüblər.

Qeyd edək ki, 1944-cü ildən etibarən təqdim edilən “Qızıl qlobus” Amerika kinosunun “Oskar”dan sonra ikinci nüfuzlu mükafatıdır. “Qızıl qlobus” kinematoqrafçılar üçün “Oskar”a aparan yol hesab edilir...

V.Kamal