Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ötən il Şəki və Bakıda gənc kinematoqrafçılar üçün “Kino istehsalı A-dan Z-yə” rejissorluq emalatxanası və İsveçrə Əməkdaşlıq təşkilatı ilə birgə “Qadın müəlliflər üçün ssenari emalatxanası” layihələrini həyata keçirib.
Bundan əlavə, “ASAN Könüllüləri” təşkilatı ilə birgə “Gənc kinematoqrafçılar” layihəsi adı altında ssenari və rejissorluq ixtisası üzrə yeni başlayan gənclər üçün 3 aylıq kurs təşkil olunub.
AKİ-nin beynəlxalq əlaqələr üzrə məsul meneceri Afaq Yusifli bildirib ki, qurum bu il də yeni kurslar təşkil edəcək. “AKİ-nin katibi Oleq Səfərəliyevin rəhbərliyi ilə ikiillik “Kino Məktəbi” ilə yanaşı, intensiv kurslar da öz effektivliyini göstərdi. İttifaq olaraq bundan sonra da bu formatda layihələr üzərində işləyirik, xarici mentorların dəvəti istiqamətində də düşünürük. Həmkarlarıma müraciət edib, ittifaqla bu istiqamətdə interaktiv olmağa, təşəbbüslər göstərməyə çağırıram”, – deyə o bildirib.