Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Babək” baleti növbəti dəfə nümayiş olunacaq.
Xalq artisti, bəstəkar Aqşin Əlizadənin “Babək” baleti 1983-cü ildə Xalq artistləri Rəfiqə Axundova və Maqsud Məmmədovun quruluşunda ilk dəfə tamaşaya qoyulub.
IX əsrdə xalq qəhrəmanı Babəkin ərəb istilaçılarına qarşı 20 ildən artıq bir müddətdə davam edən mübarizəsi Azərbaycan xalqının tarixində önəmli yer tutur və xalqımızın erməni işğalçılarına qarşı Vətən müharibəsində Qələbəsindən sonra “Babək” baletinin yenidən səhnəyə qayıdışı çox aktualdır.
Tamaşaya yeni xoreoqrafik quruluşu Xalq artisti Kamilla Hüseynova verib. İlk quruluşun librettosu əsasında səhnəyə qoyulan baletin librettosuna cüzi əlavələr edilib. Tamaşanın dirijoru və musiqi rəhbəri Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.