Layihə Musiqi Mədəniyyəti Dövlət Muzeyində təqdim olunub


Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Musiqi həvəskarları klubu”nun yeni ildə ilk tədbiri 2023-cü ildə Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunub.

Yanvarın 18-də muzeydə “Mədəniyyət kodu – Şuşa” adlı lonqrid layihəsinin təqdimatı olub. Layihə ötən il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı hesabına “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilib.

Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramovanın giriş sözündən sonra muzeyin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblının solisti, Əməkdar artist Nuriyyə Hüseynova və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi müəllimlərinin ifalarında musiqi proqramı təqdim olunub.

Sonra ictimai birliyin sədri, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova layihə haqqında məlumat verib. Bildirib ki, yeni media məhsulu olan lonqrid Şuşanın zəngin mədəniyyətinin yığcam mətnlər, fotolar, videoçarxlar və musiqi kompozisiyaları ilə məcmu halda təqdimatıdır. Layihə üzrə “Şuşa məhəllələri”, “Qarabağ ərazisində alban kilsələri” interaktiv xəritələri, “Şuşalı musiqiçilərin qızıl nəsli” adlı infoqrafika hazırlanıb.

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova, digər çıxış edənlər layihə ilə bağlı fikirlərini bölüşüblər.