Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin (ADİ) rektoru akademik Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı Təbrizdə əski əlifba ilə çap olunub.

ADİ-dən verilən məlumata görə, kitab əski əlifbaya güneyli soydaşımız Qadir Cəfəri tərəfindən köçürülüb. Yazıçının sayca dördüncü romanında paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcıllığı şəklində qurulub.

Əsərin qəhrəmanı Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən da sirrinə vaqif edir. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.

Kitabın redaktoru və ön söz müəllifi tərcüməçi, yazıçı-publisist Əlövsət Ağalarovdur.

Qeyd edək ki, 2014-cü ildə Kamal Abdullanın “Sehrbazlar dərəsi”, 2018-ci ildə “Yarımçıq əlyazma”, 2022-ci ildə isə “Unutmağa kimsə yox” romanları Təbrizdə işıq üzü görüb.