Zamanın səhifələrində qalan olaylar, faktlar...

 

235 il əvvəl...

 

26 yanvar 1788-ci ildə Avstraliya Böyük Britaniya imperiyasının nəzarətinə keçib. İngilis admiral Artur Filippin başçılığı ilə ilk kolonistlər dəstəsi “yaşıl materikə” gəlib. Britaniyanın daxili işlər naziri Lord Sidneyin adı ilə yeni şəhərin əsası qoyulub. Avstraliya bu gün də formal olaraq Britaniya Krallığına tabedir və Britaniya Birliyinin üzvüdür. 26 yanvar Avstraliyada milli bayram – “Avstraliya günü” kimi qeyd edilir.

 

192 il əvvəl...

 

25 yanvar 1831-ci ildə Polşa torpaqlarında Rusiya imperiyasından ayrılmaq və müstəqillik uğrunda üsyan başlanıb. Polşa XVIII əsrdə Rusiya ilə Prussiya arasında bölüşdürülmüşdü. Çar I Nikolayın Polşaya göndərdiyi cəza dəstələri üsyanı qan içində boğub, müstəqillik ideyalarını yayan Varşava Universiteti bağlanıb.

 

119 il əvvəl...

 

27 yanvar 1904-cü ildə Rusiya-Yaponiya müharibəsi başlanıb. İki il sürən müharibədə Rusiya məğlub olub və Uzaq Şərqdəki strateji Port-Artur limanını itirib.

 

106 il əvvəl...

 

25 yanvar 1917-ci ildə Amerika Birləşmiş Ştatları Danimarka Krallığının müstəmləkəsi olan Vest-İndia adalarını (indiki Virciniya adaları) o vaxtın pulu ilə 25 milyon dollara satın alıb. ABŞ-nin Karib dənizində sahib olduğu adaların ümumi sahəsi 346 kvadrat kilometr idi.

 

100 il əvvəl...

 

27 yanvar 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Bakı Teatr Texnikumunun – Şərqdə ilk teatr məktəbinin təşkili barədə qərar qəbul edib.

 

74 il əvvəl...

 

25 yanvar 1949-cu ildə sosialist inkişaf yolu seçmiş ölkələrin iqtisadi birliyi – Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ) yaradılıb. SSRİ, Bolqarıstan, Çexoslovakiya, Polşa, Rumıniya və Macarıstanın yer aldığı təşkilat ABŞ-nin Qərbi Avropanı təsir altına almasına – “Marşall planı”na cavab addımı idi. Sonrakı illərdə Albaniya, ADR və Monqolustan da təşkilata qoşuldu. 1990-cı ildə sosialist düşərgəsi ilə bərabər, QİYŞ də süqut etdi.

 

73 il əvvəl...

 

26 yanvar 1950-ci ildə Britaniyanın müstəmləkəsi Hindistan müstəqilliyini elan edib. Hindistan iki əsrə yaxın ingilis müstəmləkəsi olub. Müstəqillikdən 15 il sonra hind dili ölkədə rəsmi dövlət dili elan olundu. Bununla belə, Hindistanda ingilis dili də ikinci dövlət dili statusundadır.

 

35 il əvvəl...

 

25 yanvar 1988-ci ildə Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiyası başlanıb. Azərbaycanlı qaçqınların ilk dəstəsi respublikamıza pənah gətirib. 1988-1989-cu illərdə ümumilikdə 230 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisi olan tarixi ata-baba yurdlarından zorla qovuldu.

 

31 il əvvəl...

 

24 yanvar 1992-ci ildə Azərbaycan Parlamenti (Ali Sovetin Milli Şurası) “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib. Avropa Şurası Parlament Assambleyası 1996-cı ildə Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verdi.

 

22 il əvvəl...

 

25 yanvar 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın Dövlət bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyev iştirak edib.

Hazırladı: V.Orxan