Xələf Xələfov: “Səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur”


Xəbər verdiyimiz kimi, yanvarın 27-də saat 8:40 radələrində Tehran şəhərində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin binasına silahlı hücum – terror aktı törədilib. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin əməkdaşı baş leytenant Orxan Əsgərov həlak olub, iki əməkdaş yaralanıb.

Baş vermiş hadisədən sonra Tehrandakı səfirliyimizin fəaliyyətinin dayandırılması və əməkdaşların təxliyə edilməsi barədə qərar qəbul olunub. Bunun üçün göndərilmiş xüsusi təyyarə ilə səfirliyin əməkdaşları və onların ailə üzvləri yanvarın 29-da axşam Bakıya gətirilib. Ümumilikdə 53 nəfər təxliyə olunub. Azərbaycanın Tehrandakı Səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan Orxan Əsgərovun nəşi də Bakıya gətirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarəni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, nazirliyin əməkdaşları, digər rəsmilər qarşılayıblar.

Bu hadisənin baş verməsi bizim üçün gözlənilməz idi. Belə hadisələrin baş verməsi qəbuledilməzdir. Vyana Konvensiyasının müvafiq maddələrinə görə, səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır.

Xarici işlər nazirinin müavini Xələf Xələfov bu sözləri jurnalistlərə müsahibəsində deyib. O diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti bu hücumu terror aktı kimi qiymətləndirib və şiddətlə pisləyib: “Bu hadisədən dərhal sonra İranın Bakıdakı səfirini Xarici İşlər Nazirliyinə çağırdıq. Əsas tələbimiz ondan ibarətdir ki, İran bir dövlət kimi beynəlxalq öhdəliklərinə uyğun olaraq, bu terror aktının hərtərəfli və şəffaf şəkildə təhqiqatını aparmalı, cinayətkarları məsuliyyətə cəlb etməlidir”.

Azərbaycan XİN başçısının müavini vurğulayıb ki, hər hansı ölkədə diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox ciddi məsələdir. Biz İran tərəfinin nəzərinə çatdırmışıq ki, səfirliyimizin əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsində İrana etibarımız yoxdur.

“Biz dəfələrlə İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var. Buna görə də təhlükəsizlik tədbirlərinin artırılmasını tələb etmişdik. Baş verən hadisə göstərdi ki, İran bu tələblərimizə məsuliyyətsiz yanaşıb”, – deyə Xələf Xələfov qeyd edib.

Nazir müavini onu da bildirib ki, Tehrandakı səfirliyimizin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki baş konsulluğumuzun fəaliyyətinə şamil olunmur. Nəzərə almalıyıq ki, bizim bir çox vətəndaşımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki baş konsulluğa müraciət edə bilərlər.

Təbrizdəki baş konsulluğumuzun mühafizəsi, orada çalışan insanların təhlükəsizliyinin təmin olunması bütövlükdə İran dövlətinin üzərinə düşür: “Ümid edirik ki, baş vermiş terror aktından müvafiq nəticə çıxaran İran dövləti bundan sonra belə hallara yol verməz. Səfirlik işçilərini qəbul edən hər bir dövlət öz öhdəliklərinə sadiq olmalı, bu öhdəliklər çərçivəsində müvafiq tədbirləri görməlidir”.

Xatırladaq ki, Tehrandakı səfirliyimizə xain hücum dünya ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənib və qəbuledilməz hesab olunub. Bəyanat, açıqlama və paylaşımlarda terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilib.