Bədii-sənədli televiziya filmi çəkilib
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Sabah” yaradıcılıq studiyasında görkəmli dramaturq Cəfər Cabbarlı haqqında bədii-sənədli televiziya filmi çəkilib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Cəfər Cabbarlı: azad bir ruh” adlı film “Sabah” studiyasının “Yad et məni” bədii-sənədli filmlər silsiləsindən növbəti ekran işidir.
Filmdə Cəfər Cabbarlının ölümündən qabaq teatrdan küsdürülməsi, bundan sonra heç nə yazmamasına qərar verməsindən bəhs edilir. Dramaturq filmdə Mikayıl Müşfiqlə rastlaşır, ona teatrda başına gətirilənləri, ittiham edilməsini, izlənilməsini danışır.
Bədii-sənədli filmdə Cabbarlı ilə Müşfiqin söhbətləri obrazlı şəkildə verilib, faktlar həm onların dilindən, həm də sənədli formada təqdim edilib.
Çəkilişlərinin bir hissəsi “Azərbaycanfilm” kinostudiyasında aparılan filmin ssenari müəllifi Seymur Şahbazzadə, quruluşçu rejissoru Sirac Mustafayev, ikinci rejissoru Ramina Qarayevadır. “Yad et məni” layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.