Polad Bülbüloğlunun “Eşq və Ölüm“ baleti fevralın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti dəfə nümayiş olunub. Budəfəki tamaşa bəstəkarın doğum gününə həsr olunub.
“Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında yaradılan baletdə həyat və ölüm, məhəbbət və sədaqət, dostluq və xəyanət, vətən və doğma insanlar qarşısında borc kimi əzəli mövzular öz əksini tapıb. Əsər ölməz məhəbbət və qəhrəmanların cəsarəti qarşısında ölümün acizliyini tərənnüm edir.
“Eşq və Ölüm” ilk dəfə Bakıda 2005-ci ildə baletmeyster Vakil Usmanovun quruluşunda səhnəyə qoyulub və balet truppamızın ifasında Sankt-Peterburqun Mariinski Teatrında, Moskva Böyük Teatrında nümayiş olunub. 2010-cu ildə baleti Rusiyanın Əməkdar incəsənət xadimi Nadejda Malıgina yeni quruluşda səhnələşdirib. Tamaşa bu günə kimi repertuarda yer tutur və hər dəfə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.
Budəfəki tamaşada əsas rolları Əməkdar artistlər Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), truppanın aparıcı solistləri İntiqam Məmmədov (Azər), Dinara Şirinova (Baycan) ifa ediblər.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyevdir. Anşlaqla baş tutan tamaşanı müəllif Polad Bülbüloğlu da izləyib.