Azad edilmiş ərazilərdə Qələbə və İşğal muzeyləri İtaliya şirkətləri tərəfindən yaradılır

 

İtaliya-Azərbaycan əlaqələri o qədər dərin və səmimidir ki, biz özümüz üçün ən vacib saydığımız layihələri məhz İtaliya şirkətlərinə həvalə etmişik. Məsələn, Bakı şəhərində, azad edilmiş bir çox şəhərlərdə Qələbə və İşğal muzeyləri İtaliya şirkətləri tərəfindən yaradılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri fevralın 13-də Bakıda İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində işğal zamanı dağıdılmış üç məscid də İtaliya şirkətləri tərəfindən bərpa olunur, həmçinin yeni bir məscid inşa edilir. “Yəni, bütün digər sahələrlə yanaşı, qeyd etdiyim bu layihələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bu, bizim həm tarixi keçmişimizdir, eyni zamanda, Qələbəni əks etdirən yeni rəmzlər olacaq”, – deyə İlham Əliyev vurğulayıb.

Xatırladaq ki, fevralın 13-də Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması münasibətilə Bakıda, “Gülüstan” sarayında layihə üzrə tərəfdaş ölkələrin təmsilçilərinin iştirakı ilə mərasim keçirilib. 2025-ci ildə işə salınması nəzərdə tutulan istilik elektrik stansiyası Azərbaycanda müstəqillik dövründə bu sahədə həyata keçirilən ən böyük layihədir.

Layihənin əsas tərəfdaşı İtaliyanın “Ansaldo Energia” şirkətidir. Eyni zamanda, Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcək.

Azərbaycan Prezidenti mərasimdə qeyd edib ki, “Azərenerji” ilə “Ansaldo Energia” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanıb. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də İtaliya və Azərbaycanın energetika şirkətləri tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.

Mərasimdə italiyalı nazir Adolfo Urso öz növbəsində diqqətə çatdırıb ki, iki ölkə arasında dostluq əlaqələri və geniş əməkdaşlıq təhsildən tutmuş mədəniyyətədək müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsini təmin edib. “Azərenerji” şirkəti ilə “Ansaldo Energia” arasında qurulan tərəfdaşlıq da tarixi bir hadisədir. Bu, həmçinin dövlətin səlahiyyətində olan əlavə imkanlar hesabına təmin ediləcək. “Ansaldo Energia” şirkəti İtaliya sənayesinin mühüm bir hissəsidir. 170 il əvvəl Genuya şəhərində təsis edilən şirkət bu gün beynəlxalq səviyyədə fəaliyyət həyata keçirir.

Mərasimdə Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, son bir ay ərzində İtaliya hökumətinin 3 naziri Azərbaycana səfər edib. Bu, bizim əlaqələrimizin, doğrudan da, nə qədər yüksək səviyyədə olmasından xəbər verir.

Dövlət başçısı bu məqamı İtaliyanın şirkətlər və “Made in Italy” naziri ilə görüşdə də vurğulayıb və yeni layihənin İtaliya-Azərbaycan dostluğunu böyük dərəcədə gücləndirəcəyini deyib: “İtaliya-Azərbaycan əlaqələri strateji məna daşıyır və biz çalışırıq ki, bu strateji tərəfdaşlıq çərçivələrini daha da genişləndirək. İlk növbədə, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Siz də öz çıxışınızda qeyd etdiniz ki, Prezident Mattarellanın Azərbaycana səfəri, mənim İtaliyaya səfərlərim bu əlaqələri daha da gücləndirir. Əlbəttə ki, yanvarın 11-dən bu günə qədər İtaliya hökumətinin üç nazirinin Azərbaycana gəlməsi çox önəmli və deyə bilərəm ki, fövqəladə bir hadisədir. Bu səfərlər zamanı biz həm hərbi, hərbi-texniki, energetika və bütövlükdə investisiya, ticarət sahələrində əməkdaşlığı müzakirə etmişik və edəcəyik”.

 

Azad olunmuş torpaqlarda ən çox iş görən Türkiyə və İtaliya şirkətləridir

 

Prezident vurğulayıb ki, iki ölkə arasında güclü siyasi əlaqələr çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi. Eyni zamanda, biz istəyirik ki, ticarət əlaqələri daha da şaxəli olsun: “Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır. Eyni zamanda, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyanı təmsil edirlər...”.

Dövlət başçısı nəzərə çatdırıb ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqları 10 min kvadratkilometrə bərabərdir. Bu, Livan kimi ölkə boyda bir ərazidir: “Burada hər şey dağıdılıb, ona görə biz hər şeyi yenidən qururuq və istəyirik ki, bu işlərdə daha çox İtaliya şirkəti iştirak etsin – həm inşaat, həm xidmət, həm sərmayə sahələrində, həm də kontraktor kimi. Artıq İtaliyanın “IVECO” şirkəti orada öz müəssisəsini yaratmağa start verib. Orada yük maşınlarının istehsalı nəzərdə tutulur. Ona görə gündəlik çox genişdir və əminəm ki, səfər zamanı bütün bu məsələlər geniş müzakirə ediləcək”.

Hələ xarici ticarət naziri olduğu zaman Azərbaycana gəldiyini deyən Adolfo Urso işğal altındakı ərazilərimizi azad etdikdən az müddət sonra İtaliyanın parlament nümayəndə heyətinin tərkibində ölkəmizə səfər etdiyini diqqətə çatdırıb: “O vaxt həmin yerlərə baş çəkdik. Ağdam şəhərinə getdiyimi, məscidin minarəsindən çəkdiklərimi xatırlayıram. İtaliyanın informasiya kanallarında onları nümayiş etdirdim. Bu səfər məndə böyük hisslər doğurdu. Bu dağıntıları heç kəs təsəvvür edə bilmirdi”.

Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd edilib, bu komissiyanın iclasının tezliklə keçirilməsinin qarşıya qoyulmuş vəzifələrin icrası baxımından önəmi vurğulanıb.

Azərbaycanla İtaliya arasında enerji sahəsi ilə yanaşı, bərpaolunan enerji, kənd təsərrüfatı texnikası, əczaçılıq sənayesi, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə fikir mübadiləsi aparılıb.

İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində hazırda mühüm rol oynayan TAP layihəsinin əhəmiyyəti və gələcəkdə onun ötürmə qabiliyyətinin artırılması məsələləri müzakirə olunub.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına İtaliyanın həmişə verdiyi dəstək yüksək qiymətləndirilib və Avropa İttifaqı ölkələri arasında İtaliyanın Azərbaycanın mühüm tərəfdaşı olduğu vurğulanıb.

Müzakirə edilən məsələlərin icrası üçün aidiyyəti nazirliklər səviyyəsində qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə tapşırıqlar verilib.