Teatrsız yaşaya bilməyənlərlə məşq sonrası və tamaşa öncəsi darmacalda açıq söhbət
Lap əvvəldən başlayım. Məkana budəfəki gəlişimdə azdım. Daha doğrusu, mindiyim yeni marşruta görə istiqaməti çaşdırdım. Yanımdan tələsik ötən yaşlı bir nəfəri saxlayıb Sumqayıt Dövlət Dram Teatrına necə gedə biləcəyimi soruşuram. “Kimyaçılar Mədəniyyət sarayını deyirsən?” – suala sualla cavab verən və bu məkanı keçmiş adı ilə də yaxşı tanıyan sakin “Siz cavanlar hər yeri tanıyırsız, bircə teatra getmirsiz” kimi ərkyana danlağıyla məni düz binanın önünə qədər gətirdi.
Daha ona nə bu şəhərdə qərib olduğumu, nə də az qala teatrlarda gecələdiyimi dedim. Sağollaşıb Sumqayıt Dövlət Dram Teatrının yerləşdiyi əzəmətli binanın önündə nəfəsimi dərdim. Buludları qovub gülümsəyən günəşə göz vurub pilləkənləri qalxmışdım ki, teatrın inzibati işçisi “Xanım, bir dəqiqə, hara gedirsiz, kim lazımdı”, – deyib önümü kəsdi. Özümü könülsüz təqdim elədim. Bakı teatrlarında üz-gözümə öyrəşiblər deyə belə təqdimata ehtiyacım olmur. Əməkdaş “Burada gözləyin”, – deyib gedir.
Aradan keçən 3-5 dəqiqədə təkərli afişaları içəri-çölə daşıyan texniki işçi, kassanın kiçik pəncərəsindən məni süzən kassir və “teatr asılqandan başlayır” deyiminin tələblərini rəhbər tutan bəzək-düzəkli qarderobçu gənc qadın gözümdən yayınmır.
Budur, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun doğma səsi gəlir. Yaşına inad cəldliklə foyeyə gəlişini görüb sevinirəm. Zala keçirik.
Pandemiyadan da qabaq oynanılmış “Ocaq” tamaşasının (türk yazıçısı Turqut Özakmanın əsəri əsasında) yeni məşqləridir. Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Cəlal Məmmədov, aktyorlar Növrəstə Həşimova, Oqtay Mehdiyev, Habil Xanlarov və başqaları son səhnənin üzərindən bir də keçirlər. Quruluş müəllifi səhnə əsəri barədə ətraflı məlumat verir.
Rejissor əsər barəsində danışdıqca mən artıq boşalan səhnədə qurulan dekorasiyaya – kasıb, ehtiyac içində çırpınan ailənin yaşadığını göstərən səhnə tərtibatına baxıram. İki gözü işləməyən qaz sobası və onun üzərinə qoyulan elektrikli soba, sınıq-salxaq dolablar, səhnənin ortasındakı kiçik masanın üzərindəki nimdaş örtük... və miskinliyin, çarəsizliyin təsviri olan rekvizitlər məkanı işğal edib.
Uğursuz atanı oynayan Rauf müəllim gur səsi ilə səhnə maşinistlərinə ciddi təlimat verir: “Burda nəyi hara qoymuşam, əl vurmayın ha”. Sonra qəhrəmanının corablarını stulun ayaqlığından asır. Arabir səhnə arxasından “biz də varıq” tap-tupu gəlir. Maşinistlər bədii quruluş hissə müdirinin təlimatı ilə nə isə icra edirlər.
Bu arada Firudin müəllimdən ilin tamaşa plan-proqramını da xəbər alıram. Təbii ki, bir gözüm də səhnədədir. Sağ küncdəki kresloda əyləşən Növrəstə xanım obrazı üzərində astadan təkrarlama-məşqlər edir. Arabir “Təzyiqim də qalxıb, bir dərman içdim, amma deyəsən təsir eləmədi. Başım çatlayır”, – deyib gileylənir. Bu arada sobanın üzərindəki kartof püresinin də qoxusu ac adamlar üzərində qələbəsini elan “edir”. Hələ zümzümə edən çaydanı demirəm.
Fürsət tapıb real məişət təsvirinə hesablanmış səhnə tərtibatçısını xəbər alıram. Öyrənirəm ki, tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayevdir. Bədii quruluş hissə müdiri gözə dəyməsə də, onun tapşırıqlarını icra edənlər səhnənin sol və sağ künclərindən oğrun-oğrun zalı da süzürlər.
Hər vəchlə müsahibədən qaçan səhnə arxasında çalışanları da dinləmək istəyirəm. Baş rejissor bir-bir maşinistləri səsləyib, müsahibəyə cəsarətləndirsə də, aldığımız cavab bu olur: “Ə yox e, danışmaq bizlik döyül. Müəllim danışır da, bir-iki ağız da bizim əvəzimizdən danışar...”.
Firudin müəllim davam edir: “Bildiyiniz kimi, bu il “Heydər Əliyev İli”dir. Aqşin Babayevin “Xilaskar” əsərini hazırlayırıq. Əsər bu teatrda 2004-cü ildə bir neçə dəfə oynanılıb. Yenidən ona müraciət etdik. Sənədli teatr üslubunda olan tamaşa mayadək təqdim olunacaq. Tüncer Cücenoğlunun “Uçqun” əsərini də rejissorlara təklif etdim və tamaşaya qoyulacaq. Vətənpərvərlik mövzusunda isə “Kəşfiyyatçı” əsərini götürmüşük və ilin sonunadək bu nümunələri plan üzrə hazırlayacağıq. Bizim tamaşaçı kontingentin mühüm hissəsi də məktəblilərdir. Bilirsiniz ki, şəhərimizdə uşaq teatrı yoxdur. Onların da tamaşa tələbini biz ödəyirik. İl ərzində uşaq və yeniyetmələr üçün Yusif Əzimzadənin “Nəsrəddin” əsərini də hazırlayacağıq. Şübhəsiz ki, planlar çoxdur. Hətta beş ildir ki, Albet Kamyunun “Kaliqula” əsərini səhnəyə qoymaq istəyirəm...”.
Bu məqamda repertuar qurarkən teatrın potensialını nəzərə almayan bəzi rejissorlara da xitab olan sualımı verirəm: “Bu və sadaladığınız digər tamaşalar üçün truppanız var və ümumən əsər seçimində aktyor kontingentini nə dərəcədə nəzərə alırsınız?”.
“Təbii ki, ilk növbədə, truppanı və imkanları nəzərə alırıq. Ona qalsa o qədər səhnəyə gətirmək istədiyim əsər var ki”, – deyə sözə davam edən baş rejissor əlavə edir ki, burada təkcə aktyorun zahiri görünüşü şərt deyil. O, beyin və intellekt, hiss və istedad baxımından da obrazını tamamlamalıdır. Sözsüz ki, bir də maliyyə vacib şərtdir. Çatmayanda başlayırsan rəssamla hər hansı daha əlverişli və maliyyəsiz vasitələrə əl atmağa. Çünki elə əsərlər var ki, onların səhnə tərtibatı baha başa gəlir. Belə olduqda da istəklərini ildən-ilə ötürüb, ürəkdə saxlamalı olursan.
Teatrın problemlərinə keçirik. Sirr deyil ki, bir sıra teatrlarda ixtisaslı kadr, əsasən də aktyor və onların nəsil məsələsidir.
Firudin Məhərrəmov: “Gənclər çox azdır. Baxmayaraq ki, yeni nəsil var və hazırda bizdə çalışmaq istəyən aktyor təhsilli üç gənci truppaya cəlb edə bilərik. Onlara böyük ehtiyacımız var. Amma nə edək ki, aktyor ştatında yer yoxdur. Ştatlar doludur və heç kimi boş-boşuna götürmək olmur. Yəqin ki, nazirliyə bu barədə müraciətimiz olacaq. Texniki işlərlə bağlı da problemimiz var. Mən 1988-ci ildə bu teatra gələndə bir quruluş hissə müdirimiz var idi. Təsəvvür edin ki, o, həm rəssam, həm mühəndis, həm də səhnə maşinisti idi. Səhnədə əməlli-başlı konstruksiya qururdu. Əsas yaradıcı təxəyyül və zövqün olmasıdır ki, o da bəzilərində yoxdur. Bu gün ölkədəki 1-2 teatrı çıxmaq şərtilə bu sahədə mütəxəssis yoxdur. Hazırda bizə peşəkar quruluş hissə müdiri, qrim ustası, səhnə maşinisti lazımdır. Sözsüz ki, illərlə işləyən insanların da yığdığı təcrübə və prosesi mənimsəmələri faktdır. Amma teatr kollektiv işdir, axı. İşıq rəssamı sarıdan da çətinliklər var və bunun da öhdəsindən gələnlər azdır. Teatrımızın yaxşı baş rəssamı var (Elşən Sərxanoğlu) və o, rejissor ideyasını verdikdən sonra xırdalığadək düşünüb öz həll formasını gətirə bilir. Əslində, bütün bunlar cari və asanlıqla həll olunacaq problemlərdir. Amma bu məsələlərin yoluna qoyulması üçün teatra direktor lazımdır. İnşallah, bu məsələ də həll olunar...”.
Məlumat üçün deyim ki, teatrda tamaşalar şənbə və bazar günləri oynanılır. Tamaşaların bilet qiymətləri uşaqlar üçün 3, böyüklər üçün 5 manatdır. Repertuarda 22 tamaşa var və onların 9-u uşaqlar üçündür.
Bu məqamda bayaqdan zaldakı boş oturacaqlardan, sonra isə boş səhnədən bizi izləyib, söhbətimizə qulaq kəsilən teatrın gənc rejissoru Ümid Abbas Nihanini də söhbətə cəlb edirəm. Nəsillər arasındakı müqayisəli mülahizələr daim maraqlı olur. Firudin müəllim səxavətlə gənc həmkarına meydan verir.
Yeri gəlmişkən, teatrda baş rejissordan başqa üç quruluşçu, bir də rejissor var. Baş rejissor “Ümid uşaq və yeniyetmələr üçün Yusif Əzimzadənin “Nəsrəddin şah” tamaşasını hazırlayır. Maraqlı fikirləri var” təqdimatı ilə sözü gənc həmkarına verir.
Sağ-solumdakı iki rejissoru iti nəzərlər ilə süzüb “Firudin müəllim, doğrudanmı hər aşığın öz dövranı var?”, – deyə soruşuram. Xasiyyətim kəsilsin, həmsöhbətlərimin damarını tutmaq üçün naqolay yollar seçmək adətimdir. Hiss edirəm, hər zaman təmkinli olan Firudin müəllimin sualımdan heç xoşu gəlmədi. Elə gənc həmkarı da yerində qurdalandı.
Cavabı uzaqdan götürən baş rejissor “Gənclərlə mütləq dialoq bağlamalıyıq. Onların təbiətindəki çılğınlığı da anlamaq gərək. Onlara meydan verib, nəyə qadir olduqlarını görməliyik. Onlar da yaşlı nəsildə səhv tutmaqdan çox, doğrularını, qətiyyət və istəklərini əmələ çevirməlidirlər”, – deyərək gənc rejissoru meydana “atır”.
Gəncləri çox az olan (aktyor truppasındakı 40 nəfərdən cəmi 6 nəfərin yaşı 25-35 arasındadır) teatrın rejissorunu söhbətə gətirmək üçün mən də “Bəlkə gənclər Ümidə qoşulub gələcəklər”, – deyə əlavə edirəm.
“Ümidə qoşulub gələcəklər deyəndə ki, mən hələ buranın atmosferini öyrənməyə çalışıram. Sumqayıtda teatra marağı olan gənclər çoxdur. Bu şəhərdə böyümüşəm, uşaqlığım da bu teatrda keçib. Əslində, yeni bütün fikirlər köhnə çərçivələrdən aşmaqla yaranır. Amma gərək sən həmin çərçivələri biləsən ki, onları da asan keçəsən.
Hələ ki öyrənirəm. Çünki rejissor auditoriyada öyrənir, səhnədə yetişir” deyən Ümidlə daha ətraflı söhbətimi növbəti yazılardan birinə saxlayıb Firudin müəllimin müşayiəti ilə qrim otaqlarına qalxıram.
İlk olaraq 20 ildir bu teatrda çalışan Əməkdar artist Xatirə Süleymanovanın qonağı oluram. Hələ də üzünü tərk etməyən ilıq təbəssümünü qorumağa çalışdığı gənclik ədasına qatıb bu səhnədəki obrazları, ümumən sənətdə keçən illərindən danışır. Sənətə bağlılığı üz-gözündə izlər qoyan Xatirə xanım “Səhnənin tozunu udan aktyor, aktrisa ondan qopa bilmir” deyir. Sözsüz ki, mən də ürəyimdə “nə yaxşı ki, qopa bilmir” deyib qriminə (utancaq qrim ustası məni görən kimi adını belə demədən otaqdan çıxır) son toxunuşlarını edir. Aktrisanı ayna ilə baş-başa qoyub keçirəm bayaqdan səhnə geyiminin içində narahatlığı üzündən oxunan Əməkdar artist Cəlal Məmmədovun yanına. Fərqimə belə varmadan (ya da vararaq) öz-özünə “Çoxdandı bu tamaşanı oynamıram. Deməli, kökəlmişəm. Xüsusən jilet məni sıxır” deyir. Yəqin istəyir ki, ona “Yox, əksinə, çox yaraşıqlı görünürsüz” iltifatını edim.
Xəsislik edib keçirəm salam-kalama. Son vaxtlar səsi daha çox dublyajlardan gələn aktyorun bir az haqlı, bir az da ağrılı giley-güzarlarına qulaq verirəm: “Təəssüf ki, aktyor sənətinə hələ də dırnaqarası baxanlar var. Yəqin bu da dövrlə əlaqədardır. Bir az da əməkhaqqı ilə. Dublyaj olmasa, mən acından ölərəm. Ona görə də kanal-kanal gedib, gecə-gündüz işləyirəm. Amma teatrdan da qopa bilmirəm, demək olar ki, bütün tamaşalarda varam. Şükür ki, teatra “sobes” kimi baxıb, ildə bir oyunla kifayətlənmirəm. Durmadan öz üzərimdə çalışıram və nəticədə rejissorların da axtardığı aktyor kimi qala bilirəm”, – deyib qəhqəhə çəkir.
Teatrın “Tərəqqi” medallı aktyoru Habil Xanlarov isə üçdəqiqlik söhbətinə Füzuli Dövlət Dram Teatrından başlanan 33 illik yolu sığdırmağa çalışır. Ümumilikdə 300-dən çox irili-xırdalı rollar oynayan aktyor yeni rollar arzusu ilə, özü də böyük şövqlə tamaşasına hazırlaşır.
Yenidən səhnəyə qayıtmalı oluram. Tamaşanın baş qəhrəmanı adəti üzrə hamıdan əvvəl səhnədədir. Deyəsən, bayaqkı təlimatına əməl olunub-ovunmadığını yoxlayır. Truppa müdiri ilə ayaqüstü zarafatlaşır. Kulisin iynəli zarafatlarına bələd olduğumdan “sülh çağırışı” ilə söhbəti dəyişməyə çalışıram. Sözsüz ki, cəhdim pis alınmır və Rauf Atakişiyevi truppa müdirinin əlindən “alıb” ayaqüstü söhbətə çəkirəm.
O da bir teatrın aparıcı aktyoru olmağın verdiyi özünəinamla “Hər şey göz qabağındadır. 31 ildir bu teatrdayam. Burada fəhlə kimi işə başlamışam. Eh, bu səhnədə kimləri görməmişəm ki... Dövrlər arasında yerlə göy qədər fərq var və mən o dövr üçün qəribsəyirəm, yaman darıxıram. Onu da bilirəm ki, teatrsız yaşaya bilmərəm” deyir. Tamaşada uğursuz ata rolunu oynayan baş qəhrəmanla zarafatyana sağollaşıram: “Amma heç yaxşı ev yiyəsi deyilsiniz. Püreni keçdim, heç olmasa bir qurtum çay da vermədiniz”, – deyib artıq dəmə qoyulan çayniki göstərirəm.
Rauf müəllimin şaqraq qəhqəhəsi boş salonda cingildəyir. İkimiz də səhnə arxasına keçirik. Bir azdan tamaşa başlayacaq. O, artıq foyedə toplaşan tamaşaçılarla yeni görüş üçün dəqiqələri saymağa başlayır. Mən də Sumqayıt-Bakı yolunun pik saatına düşməmək üçün ən qısa yolun hesabına...
Həmidə Nizamiqızı